Türkiyəli futbol eksperti Emre Can Demirci “Real”la “Liverpul” arasında bu gün keçiriləcək Çempionlar Liqasının finalı ilə bağlı düşüncələrini bölüşüb.
Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis çoxlarının əksinə, Parisdə baş tutacaq qarşılaşmada “Real”a üstünlük verib:
“Premyer Liqada ikinciliklə kifayətlənən “Liverpul” son turda “Mançester Siti”nin 0:2 hesabı ilə geridə olduğu vaxt “Vulverhempton”a istədiyi təzyiqi qura bilməmişdi. Mövsümü olduqca sıx qrafikdə keçirdilər. Üstəlik, İngiltərə Kuboku və İngiltərə Liqa Kubokunun “Çelsi”yə qarşı hər iki final görüşünün əsas vaxtını qolsuz bərabərliklə başa vurdular.
Yurgen Kloppun illərdir qurduğu möhtəşəm sistem və heyətdəki oyunçular hər kəsə bəllidir. Ancaq yenə də düşdükləri gərgin durumla əlaqədar əvvəlki güclərində olmadıqlarını fikirləşirəm.
“Real” isə Çempionlar Liqasında oyun mənasında ideal mövsüm keçirmədi. Buna baxmayaraq, təcrübəsi sayəsində finala qədər irəliləməyi bacardı. Bu gün “Liverpul”un favorit göstərilməsi, bəlkə də, “kral klubu”nun lehinə işləyəcək. Parisdə madridlilərin bir addım öndə olduqlarını fikirləşirəm.
Proqnozum: “Real” qalib gələcək”.