Ermənistan dünya çempionatına ev sahibliyindən məhrum edilə bilər
15.04.2023 - 20:42
Ermənistan dünya çempionatına ev sahibliyindən məhrum edilə bilər

İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə görə Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.

Apasport.az xəbər verir ki, bunu “Sputnik Armenia”ya müsahibəsində təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Qiloyan deyib.

“Ən acınacaqlısı odur ki, biz, dünən, hadisədən əvvəl 2024-cü il dünya çempionatına ev sahibliyi etmək hüququ qazanmışıq. Bu bizim üçün müstəsna bir fürsət oldu”, – deyə o bildirib.

Qiloyanın sözlərinə görə, erməni tərəfi beynəlxalq tərəfdaşlarla danışıqlar aparır və idmançıların təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını sübut etməyə çalışırlar. O, Ermənistan tərəfinin Azərbaycan idmançılarının təhlükəsizliyini təmin etdiyini, hadisənin bununla heç bir əlaqəsi olmadığını vurğulayıb.

“Biz vəziyyəti yumşaltmaq üçün hər şeyi etməyə çalışırıq. İstərdik ki, nəticələr ağır olmasın”, – Qiloyan bildirib.

Eyni zamanda, nazir müavini bildirib ki, hadisə zamanı zalda Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Konflitti də olub.

writer photo
Əlirza Əlirzalı
0