“Qəbələ”nin prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi
- Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la qarşılaşacaqsınız. İlk olaraq püşkü dəyərləndirərdiz...
- Potensial rəqiblər müəyyənləşəndən sonra hansı komandanın düşməyinin fərqi yox idi. Hamısı güclü klub idi, gücləri aşağı-yuxarı bir-birinə yaxın idi. “Fehervar” isə çox köklü və kifayət qədər təcrübəli komandadır. Macarıstan çempionatının səviyyəsini nəzərə alsaq, görərik ki, işimiz çox çətindir. Onu da qeyd edə bilərəm ki, heyətlərində yüksək keyfiyyətə malik oyunçular var. Bütün bunlara baxmayaraq, mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik.
- Yeni mövsümün startı öncəsi klubda ab-hava necədir?
- Təlim-məşq toplanışı yeni başlayıb, komanda hələ tam komplektləşməyib. Bu suala oyunöncəsi cavab verməyimiz daha məntiqli olar. Bu barədə açıqlamanı da baş məşqçi verər.
- Yeni transferlər gözlənilirmi?
- Bəzi çatışmazlıqlar var. Yəqin ki, iki futbolçu transfer edəcəyik. Bunun üzərində iş gedir. Namizədlər var, amma hələ dəqiq heç nə yoxdur.
- Yay pəncərəsini iki transferlə yekunlaşdıracaqsınız?
- Çox güman ki, bəli. Heyətin özəyini tam qorumağa çalışdıq. Bizdən asılı olmayan səbəbdən iki futbolçu getdi. İnşallah, yerlərini daha yaxşıları ilə dolduracağıq.
- Sponsor məsələsi nə yerdədir? AFFA-dan yenə dəstək olacaq?
- Çox güman ki, büdcəmizin böyük hissəsi assosiasiya tərəfindən ödəniləcək. Amma yenə də bəzi işlərimizi görəcək müəyyən sponsorlarla danışıqlar aparırıq.