“Nəticə “Qəbələ” ilə oyunun nə qədər çətin keçdiyini əks etdirmir”.
Apasport.az saytının məlumatına görə, bunu “Fehervar”ın hücumçusu Kenan Kodro Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə keçirilən ilk oyun barədə danışarkən deyib.
Macarıstan klubunun 4:1 hesablı qələbəsinə dublla töhfə verən Bosniya və Herseqovina millisinin üzvü birinci hissədə çətinlik yaşadıqlarını etiraf edib: “İlk hissə planlaşdırdığımız kimi alınmadı. Çoxlu top itkilərinə yol verdik, rəqibimiz də aqressiv futbol nümayiş etdirdi. Onların əks-hücumları təhlükəli idi. Ancaq ikinci hissədə daha kompakt oynadıq, çoxlu imkanlar yaratdıq və 3 qol vurduq. Bu da bizdə qələbəyə inam verdi”.
29 yaşlı forvardın fikrincə, böyükhesablı qələbəyə baxmayaraq, cütün taleyi hələ həll olunmayıb: “Növbəti mərhələyə vəsiqə hələ həll olunmayıb. Futbolda hər şey ola bilər. Ona görə də gələn həftə Azərbaycana qələbə dalınca gedəcəyik”.
Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.