Filip İvanoviç: "Renduliç qrup mərhələsinə çatmağın düzgün formulunu bilir" - Müsahibə
01.08.2024 - 17:34
Filip İvanoviç: "Renduliç qrup mərhələsinə çatmağın düzgün formulunu bilir" - Müsahibə

“Sabah”ın sabiq qapıçısı Filip İvanoviç apasport.az saytına müsahibə verib. Masazır klubunda 2 il kapitanlıq sarğısı daşımış serbiyalı sabiq komandasının Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Makkabi” ilə görüşdəki şanslarını dəyərləndirib.

- “Sabah" ilk matçda "Makkabi"ni 3:0 hesabı ilə məğlub edib. Bu sənin üçün gözlənilməz oldu?
- İlk növbədə onu deyim ki, bu nəticə məni sevindirdi. İkincisi, bu nəticə sürpriz deyil. “Sabah” Avropa səhnəsindəki təcrübəsindən düzgün istifadə etməyə başladı. Heyət də yaxşıdır. İlk oyunda da çox yaxşı, sərfəli, inamlı nəticə qazandı.

- İndidən "Sabah"ın növbəti mərhələyə vəsiqə qazandığını söyləmək olar? Yoxsa, səncə, hələ heç nə bəlli deyil?
- Bu gün futbol gözlənilməz oyundur. “Sabah” əvvəlki oyunla eyni səviyyədə oynasa, növbəti mərhələyə keçməyə yaxın olacaq. Bu, dəqiqdir. Amma “Makkabi”nin gücünü qiymətləndirməmək olmaz. Əksinə, bunu çox yaxşı dəyərləndirmək lazımdır. Yaralı şir hər zaman daha təhlükəlidir.

- Yəni, “Makkabi” 0:3 hesablı məğlubiyyətdən sonra Bakıda geridönüş edəcək gücə malikdir?
- Üç topluq fərqi nəzərə alsaq, “Makkabi” üçün çox çətin olacaq. Digər tərəfdən, “Sabah” intizamlı və mütəşəkkil oynayır. Hər halda maraqlı qarşılaşma gözləyirəm. Ümidvaram ki, “Sabah” istədiyi nəticəni qazanaraq üçüncü mərhələyə adlayacaq.

- "Sabah"ın "Makkabi"ni keçməsi və növbəti mərhələyə adlaması yəqin ki, sənin üçün sürpriz olmayacaq?
- Əvvəla, ilk oyundan sonra “Sabah”ın yoluna davam edəcəyi realdır. Bu, həm də mənim arzumdur. Amma oyuna ciddi hazırlaşmalı və işi sona qədər çatdırmaq lazımdır. Təki hər şey yaxşı alınsın və inanıram ki, belə olacaq.

- "Sabah" "Makkabi"ni keçə bilirsə, demək ki, Konfrans Liqasında oynayacaq potensiala malikdir? Baş məşqçi Krunoslav Renduliç ötən mövsüm "Jrinski Mostar"ı Konfrans Liqasında qruplara aparmışdı...
- Məşqçi artıq Avropa səhnəsində təcrübəyə malikdir. Oraya çatmağın düzgün formulunu bilir və tarix təkrarlanır... Klubda hər kəsə cavab matçında uğurlar arzulayıram. Bu oyuna baxacam. İnanıram və ümidvaram ki, cavab görüşündə də “Sabah” “Makkabi”ni keçəcək və uğurlu çıxışına davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0