Giorgi Kantariya: "Azərbaycan Premyer Liqasını çox bəyənirəm" - Müsahibə
24.06.2024 - 17:17
Giorgi Kantariya: "Azərbaycan Premyer Liqasını çox bəyənirəm" - Müsahibə

Premyer Liqaya yenidən qayıdan “Şamaxı” Livanın “Nejmeh” klubunda çıxış edən Giorgi Kantariyanı heyətinə qatıb. Gürcü futbolçu apasport.az saytına verdiyi müsahibədə “Şamaxı”dakı hədəflərindən danışıb. 

- Bir illik fasilədən sonra yenidən Azərbaycana gələcəksən. Ayxan Abbasov özü sənə dəvət göndərdi?
- Düzünü desəm, özüm də Azərbaycana qayıtmaq istəyirdim. Azərbaycan Premyer Liqasını çox bəyənirəm. Ayxan Abbasov mənə zəng etdi və "Şamaxı"da oynamaq təklifini irəli sürdü. Onunla danışdıq, söhbətləşdik. Sonda da "Şamaxı"ya keçməyə qərar verdim. Ayxan Abbasova məni xatırladığına və etimad göstərdiyinə görə təşəkkür edirəm. Bu komanda üçün əlimdən gələni edəcəm.

- "Kəpəz"də oynadığın vaxtda "Şamaxı" sonuncu olmuş və liqanı tərk etmişdi. Amma bir illik fasilədən sonra geri qayıtdılar. Bu haqda nə deyəcəksən?
- Bəli, onda çox ağır mövsüm keçmişdi. Biz isə "Kəpəz"i yüksək liqada saxlamağı bacarmışdıq. Düzünü desəm, "Şamaxı"nı izləməmişdim. Amma daim media vasitəsilə baş verənləri oxuyurdum. Premyer Liqadan düşdükdən sonra yenidən yüksək liqaya qayıtdıqlarına görə onlara afərin. Onların adına şadam. Premyer Liqada bu komanda üçün əlimdən gələni edəcəm.

- "Şamaxı" yerlilərlə futbol oynadı, amma bu mövsümdən legionerlər də komandaya cəlb edilir. Baş məşqçiniz müsahibəsində bildirib ki, yeni sezon Premyer Liqada qalmaq uğrunda oynayacaqsız...
- Ayxan müəllimlə danışdıq. Bilirəm ki, o, çox yaxşı komanda yaratmaq istəyir. Hamımız da əlimizdən gələni edəcəyik ki, güclü komandamız olsun. Ən yaxşı yerlər uğrunda mübarizə aparmağa çalışacağıq. Necə olacağını zaman göstərəcək. 

- Maraqlıdır, "Şamaxı"dan savayı, Azərbaycanın başqa klubundan təklif almışdın? "Kəpəz"in özü necə, sənə maraq göstərirdi?
- Düzü, "Kəpəz"ə qayıtmaq real deyildi. Çünki heç kim mənə bununla bağlı təklif göndərməmişdi. Heç kimlə də danışmamışdım. Digər klublara gəldikdə, konkret təklif yox idi. Amma "Şamaxı"nın baş məşqçisi zəng etdi, danışdıq və razılıq verdim. 

- Son olaraq Livan çempionatında "Nejmeh" klubunda oynayırdın. Livanda futbolun və çempionatın səviyyəsi necədir?
- Bəli, indi də Livandayam. Burada bir oyun qalıb və çempionluq uğrunda mübarizə aparırıq. Livan çox yaxşı ölkədir. Paytaxtı Beyrut isə olduqca gözəl şəhərdir. Çempionata gəldikdə, çox problemlər var. Amma bu da başa düşüləndir. Çünki onlar indi-indi inkişaf etməyə başlayır. Əminəm ki, onların gələcəkdə çox yaxşı liqası olacaq.

Hər halda, "Kəpəz"ə qarşı oyunlar sənin üçün xüsusi və maraqlı keçəcək?
Bəli, elədir ki, var. "Kəpəz"ə qarşı oyunlar çox çətin və emosional oyunlar olacaq. Çünki mən "Kəpəz"i və Gəncəni çox sevmişdim. Orada yaxşı insanlar yaşayır. Azarkeşlər də yaxşıdır. Onlar öz sevimli şəhərləri və komandaları üçün hər şeyi edirlər. Bu mənada, hər zaman ora ilə bağlı yaxşı xatirələrim var, bir-birimizə də həmişə hörmətlə yanaşmışıq. Gəncəlilərə bu sevgi üçün təşəkkür edirəm. Mən indi "Şamaxı"nın futbolçusuyam və mən peşəkaram. Hazırkı komandamın qələbə qazanması üçün əlimdən gələni edəcəm. Ən maraqlı anlar qarşıdadır. Azərbaycana qayıdışımı səbirsizliklə gözləyirəm. "Şamaxı" azarkeşlərinə söz verirəm, hər oyunda 100 faiz gücümü ortaya qoyacam ki, onları sevindirəm. Tezliklə görüşəcəyik və daha yaxından tanış olacağıq.

writer photo
Əlirza Əlirzalı
0