Ammanda keçirilən güləş üzrə U-17 Dünya Çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz döşək üzərinə çıxıb.
48 kq-da Hacıhüseyn Əhmədzadə təsnifat mərhələsində rusiyalı Çingiz Sarıqlara (AİN) 2:11 hesabıyla məğlub olub.
55 kq çəki dərəcəsində mübarizəyə qoşulan Hüseyn Hüseynov türkmənistanlı Azatberdi Aşırquliyevi 3:1 hesabıyla üstələyərək 1/4 finala yüksəlib. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə tam üstünlüklə (11:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Hüseyn yarımfinalda Puerto-Riko təmsilçisi Josef Baxmanla qarşılaşacaq.
65 kq çəki dərəcəsində İsa Yusibov 1/8 finalda qazaxıstanlı Bakdaulet Akimjana 0:6 hesabıyla məğlub olub.
80 kq-da Məhəmməd Abbaszadə 1/8 finalda gürcüstanlı Nikolas Masuradzeyə 1:7 hesabıyla məğlub olub.
110 kq çəki dərəcəsində mübarizə aparan Muxamad Qantemirov 1/8 finalda amerikalı Maykl Mokkoya 6:16 hesabıyla məğlub olub.
Qadın güləşində isə 69 kq çəki dərəcəsində mübarizə aparan Zəhra Kərimzadə təsəlliverici görüşdə qazaxıstanlı Qızjibek Jarkinbayevə 3:1 hesabıyla qalib gəlib və bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.