Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilir.
Apasport.az saytının məlumatına görə, 5 ölkədən 164 idmançının qatıldığı yarışda Azərbaycan millisinin 4 üzvü final üçün rinqə çıxıb.
Boksçularımızdan Tağı Nəsibov (50 kq) özbəkistanlı Şahboz Erqaşevlə üz-üzə gəlib. Rəqibini məğlub edən həmyerlimiz finala yüksəlib. Onun uğurunu Məhəmmədəli Aşurəliyev (54 kq) də təkrarlayıb. Murodulla Sunatullayevdən (Özbəkistan) güclü olan milli üzvü qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb.
Yığmamızın digər boksçuları Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, final görüşləri mayın 24-də olacaq.