“İmkanım olsaydı, "Neftçi" rəhbərliyinə özüm yaxınlaşıb deyərdim ki...” - MÜSAHİBƏ
27.11.2023 - 13:37
“İmkanım olsaydı, "Neftçi" rəhbərliyinə özüm yaxınlaşıb deyərdim ki...” - MÜSAHİBƏ

“Neftçi”nin sabiq qapıçısı Hüseyn Məhəmmədovun apasport.az saytına müsahibəsi

- "Neftçi" "Araz-Naxçıvan"la görüşdə 1:1 hesablı bərabərə qaldı. Bu nəticə "Neftçi" üçün yəqin ki, ürəkaçan olmadı. Ümumilikdə demək olar ki, nəticə oyuna görə oldu? Çünki "Neftçi" bu görüşdə o qədər də üstün futbol oynamadı..
- Matçı izləyirdim. İnanın, oyuna baxa-baxa çox əsəb keçirdim. Uzun illər "Neftçi"nin şərəfini qorumuş biriyəm. Bu klubda tarix yazmış futbolçulardanam. Əfsuslar olsun ki, bütün bunlara baxmayaraq, biz "Neftçi"dən uzaq qalmışıq. Allah qoysa, vaxtı gələr "Neftçi"də olarıq. "Araz-Naxçıvan"la oyunun nəticəsi bəlkə də, reallıqda elə 1:1 və ya 0:0 olmalı idi. "Neftçi" üçün qələbə ehtimalı çox az idi. Ola bilər ki, futbolçular qalib gəlmək istəyirdi. Amma bütün kollektivdə o dərəcədə əhval-ruhiyyə yox idi. Oyunun gedişi də, futbolçuların hərəkəti də bunu göstərirdi. Matçın nəticəsi elə bu cür də olmalı idi. "Araz-Naxçıvan" da çalışırdı, daha istəkli oynayırdı. Hətta məncə, "Neftçi"dən də istəkli idi. Çox güman ki, "Neftçi" rəhbərliyi nəsə tədbir görməlidir.

- Adrian Mutu mətbuat konfransında bildirdi ki, hətta 3:0, 4:0 qalib gəlməliydilər. Sizcə, Mutu doğru danışır?
- Nə deyim ki? Şəxsən mən oyunu izləyirdim. Qol imkanları yüksək deyildi, 1-2 epizod idi. O da 99 faizlik qol imkanları deyildi, sadəcə adi epizodlar idi. Fikrimcə, bu gün baş məşqçi özünü sığortalamaq üçün bu sözləri deməlidir. Onu da başa düşmək olar. Amma 4:0, 5:0 qalib gəlməliyik deməsi düzgün fikir deyil. Əsas tablodakı nəticədir. Orada 3:0 və ya 4:0 olsaydı, anlayardım. Matçı izləyirdim. "Neftçi"nin o dərəcədə 100 faizlik qol imkanları yox idi. Sadəcə 1-2 epizod oldu, o da qol vəziyyətinə oxşadı. Vəssalam.

- Ümumiyyətlə, Adrian Mutunun rəhbərlik etdiyi "Neftçi" haqda fikriniz necədir? İndiki komanda ötən mövsümkü Laurentsiu Regekampfın "Neftçi"sindən daha zəif deyil? Hansı fərq var?
- Elə də fərq görmürəm. Yalandan durum deyim ki, Mutunun vaxtı daha yaxşıdır, Regekampfın zəif. Xeyr, yalan olardı. Ötən mövsümkü "Neftçi" ilə indiki arasında heç bir fərq yoxdur. Nəticələr göz qabağındadır. Deyə bilmərəm ki, "Neftçi" bu mövsüm daha yaxşıdır. Rəhbərlik tərəfindən diqqət-qayğı var, nə istəyiblər, edilib. Bu "Neftçi" daha yaxşı olmalı, daha yaxşı nəticələr verməli idi. Yəqin ki, rəhbərlik 100 faiz Adrian Mutudan tutmuş digər insanları sorğu-suala tutacaq ki, "Neftçi" belə olmalıdır. Çünki fərq görünmür.

- Yayda 11 transfer edildi, amma demək olar ki, onların heç biri özünü göstərə bilmir və yenə də oynayan sanki keçmiş futbolçulardır. Sizcə, yay transferlərindən niyə heç kəs özünü göstərə bilmir? 
- Bu qədər transfer gəlib, amma bir az istəkli, vuruşqan bizim yerlilərdir. Rəhbərlik yaxşı şərait yaradıb, büdcə ayrılıb ki, "Neftçi"nin ad-sanını özünə qaytarsınlar. Görünən odur ki, gələnlərin heç birində istək yoxdur, onlara "Neftçi"nin ad-sanı maraqlı deyil. İnanıram ki, rəhbərlik bununla bağlı addım atacaq. Uzun illər "Neftçi"nin şərəfini qorumuş, klub üçün tarix yazmış oyunçuyam. İmkanım olsaydı, "Neftçi" rəhbərliyinə özüm yaxınlaşıb deyərdim ki, bu futbolçuların heç biri klubun şərəfini qorumaq, nüfuzunu qaldırmaq üçün gəlməyib. Onlar elə-belə günlərini keçirib, çıxıb gedəcəklər. Əfsuslar olsun ki, bu, işimiz deyil və qarışa bilmərik. Nə zamansa, imkan və vaxt olarsa, biz tərəfdən "Neftçi"nin hər zaman yanındayıq, borcumuzdur. Görünən odur ki, "Neftçi"də yerlilər canla-başla futbol oynayır. Rəhbərlik 100 faiz bununla bağlı tədbir görəcək.

- Maraqlı və qəribə məqam odur ki, ötən mövsüm Laurentsiu Regekampfla bağlı hadisələr indi də təkrarlanır. “Neftçi” uğursuz çıxış edirsə, Rumıniya mətbuatı ötən mövsüm “Styaua”nın Regekamfı istədiyini yazırdı, indi də “ÇFR Kluj”un Mutu ilə maraqlanması haqda yazır. Buna inanırsız?
- Mənim özümə də maraqlı gəldi ki, bu necə ola bilər? Regekampfın vaxtında da, indi də Mutu... Bunlar elə yaxşı idisə, orada çalışardılar, tələbat olardı onlara. Mətbuatda onları hansısa klubların istəməsi ilə bağlı xəbərlər yayırlar. Görünən budur ki, reklamdır, özlərini sığortalamaq üçün addımlar atırlar. Bu da düz deyil. Nə vaxta kimi bunlardan istifadə edəcəklər? Komandanın oyununun, nəticələrin yaxşı olmasına da fikir verməlidirlər. Yoxsa, filan klub məni istəyir... Ola bilsin ki, bilinən addımlar, atırlar. Yaxşı hal deyil. Vaxtımız gedir, komandamızın nüfuzu aşağı düşür. Bu cür şərait yaradılan, adlı-sanlı klubda bəhanələr axtarmaq olmaz. Ay “ÇFR Kluj” istəyir, ay digəri istəyir. Əgər "Neftçi"dədirsə, bunlardan istifadə edilməməlidir. 

- "Neftçi" bu mövsüm heç olmasa ilk “üçlük”də yer ala biləcək? Yoxsa, çox çətin görünür?
- Niyə də olmasın? İnanıram ki, nəticə olacaq. Çünki rəhbərlikdən diqqət var, şərait yaradılıb. Bunun qarşılığını məşqçilər, futbolçular qarşılığını verməlidir. Bu cür şəraitin qarşısında nəticə vermək vacibdir. Rəhbərliyin göstərdiyi diqqət-qayğı qarşısında çempion olmalı idilər. Məncə, "üçlüy"ə düşmək ehtimalı da var. Olacağına da inanıram. Gözləməliyik. Adam 100 faiz zəmanət də verə bilmir ki, olacaq. Hər halda, nəsə olmalıdır da.

- "Neftçi"nin qapıçısı Rza Cəfərov haqda hansı fikirdəsiz?
- Rza gənc qapıçıdır. Gənc deyəndə ki, əslində, sayılmır. Camaat 15 yaşında Premyer Liqada, İtaliyada A seriyasında oynayırsa, biz 20 yaşlı futbolçuya gənc deməyimiz doğru deyil. Yetkindir, artıq oynamalıdır, özünü göstərməlidir. Ona tövsiyəm o ola bilər ki, o istəkdə, o formada qapıda durmaq gələcəyi üçün çətin olacaq. Qapıçı çılğın, istəkli olmalıdır. Meydanda idarə etməyi bacarmalıdır. Oyunda gördüm ki, sakitdir, heç reaksiya vermir. Hansı epizodda müdafiəçiyə nə oldu, oyunun gedişində nə baş verdi. Futbolçulara da motivasiya verməlidir, danışmalıdır. Ona məsləhətim budur. Bəlkə fikirlərimi oxuyub, həmin addımları atsa, özündə fərqi görəcək. Qapıçı elə mövqedir ki, orada həmişə daha istəkli, çılğın, idarəçiliyi bacaran olmalıdır, oyunçuları ayıltmalıdır. Artırılmış dəqiqələri gedir... Məhz belə anlarda qapıçının rolu böyük olur. Meydanda göstərməlidir ki, buranın ağası, rəhbəriyəm, komandanı idarə etməyi bacarmalıdır. Futbol cəhətdən çılğın olmalıdır.

writer photo
Əlirza Əlirzalı
0