İqor Ponomaryov: "Bu matç həm biz, həm də “Neftçi” üçün vacibdir" - Müsahibə
25.05.2024 - 14:14
İqor Ponomaryov: "Bu matç həm biz, həm də “Neftçi” üçün vacibdir" - Müsahibə

"Sabah"ın idman direktoru İqor Ponomaryov apasport.az saytına müsahibə verib.

- “Sabah” hazırda dördüncü pillədə qərarlaşıb. Bu mövqe sizi razı salır, yoxsa düşünürsüz ki, turnir cədvəlində daha da üst pillələrdə ola bilərdiz?
- Bəli, biz hazırda dördüncü pillədəyik. Bir mənalı şəkildə bunun bizi razı saldığını düşünə bilmərik. İkinci pillədə qərarlaşmağımızı istəyərdim. Əgər biz o oyunu uduzmasaydıq, bu biri görüşdə xal itirməsəydik... Bunların hamısı fərziyyədir. Reallıq başqadır, hazırda 4-cü pillədəyik. 

- Son turda “Sumqayıt”a 2:0 qalib gəlmişdiz. Yəqin ki, komandanızın vacib görüşdə qələbə qazanacağına inamınız böyük idi?
- Bu görüşdə yetərincə inamlı qələbə qazandıq. “Sumqayıt”ın necə oynadığını bilirdik. Üstəlik, rəqibin güclü və zəif tərəflərini də analiz etmişdik. Bunlardan da yararlandıq. Hamının əvəzinə təbii ki, danışa bilmərəm. Amma mən qələbə qazanacağımıza çox inanırdım. Şadam ki, bunu da reallaşdıra bildik. 

- Son turda, bu gün “Sabah” “Neftçi” önünə çıxacaq. Bu görüşdə komandanızın qələbə şanslarını necə dəyərləndirirsiz? 
- “Neftçi” ilə oyun mövsümün ən vacib oyunudur. Baxmayaraq ki, komandanın əldə etdiyi nəticələrə nail olmaq üçün bütün oyunlar çox vacib idi. Hamımız bilirik ki, “Neftçi” ambisiyaları olan və çempionatda yüksək yerlər uğrunda mübarizə aparan komandadır. Bu görüşdə meydana inamla çıxmalı və rəqibi məğlub edəcəyimizə inanmalıyıq.

- Demək olar ki, bu, “Sabah” üçün həlledici və final görüşüdü? 
- Bəli, sizinlə tamamilə razıyam. Bizim üçün olduqca vacib oyundur. 

- “Sabah” qalib gələrsə, avrokuboklara vəsiqə qazanacaq. Yəqin ki, məğlubiyyəti heç düşünmürsüz. “Neftçi” bu mövsüm o qədər də güclü görünmür. Yoxsa, istənilən halda onlardan ehtiyat edirsiz?
- Düzü, bu matç həm bizim, həm də “Neftçi” üçün vacibdir. Ona görə də, onların zəif olduğunu demək doğru olmazdı. 

- Avrokuboklara vəsiqə qazansanız, güclənməyinizə ehtiyac var, yoxsa hazırkı heyətin də avrokuboklarda çıxış etməsi üçün yetərli hesab edirsiz? 
- Bu haqda danışmaq tezdir. Gəlin, mövsümün başa çatmasını gözləyək. Daha sonra bu haqda danışarıq. 

- Krunoslav Renduliçlə bağlı düşüncəniz necədir? Onun işini bəyənirsiz?

-Onun haqqında normal düşüncələrim var. Komandanın necə görünməsi, hansı futbolun oynanılması ilə bağlı öz baxışı olan məşqçidir. Komanda qalib gələndə hamının xoşuna gəlir.

- O, bundan əvvəl “Jrinski Mostar” klubu ilə Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. İnanırsız ki, “Sabah”da da eyni uğuru təkrar edəcək? 
- Əlbəttə ki, inanırıq. 

- “Qarabağ” ölkə kubokunu da qazanarsa, turnir cədvəlində ikinci pilləni tutan Avropa Liqasına yollanacaq. Sizin üçün AL, yoxsa Konfrans Liqası daha önəmlidir?
- Təbii ki, Avropa Liqasında oynamaq istəyərdik. Amma indi 4 komanda da mübarizə aparır. Gözləyək, görək son oyunlardan sonra necə olacaq. Hansı komandanın hara yollanacağını görəcəyik. Buna görə də komandamıza uğurlar arzulayıram!

writer photo
Əlirza Əlirzalı
0