“İrəvan”ın bəzi aparıcı futbolçuları bu gün keçiriləcək “İmişli” ilə oyuna çıxmayacaq.
Apasport.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik borclu olduğu oyunçulara yarım aylıq maaşı kartlarına vuracağına söz verib.
Ancaq bu şərt onları qane etmədiyindən, bir neçə təcrübəli futbolçu kollektivlə birgə səfərə yollanmayıb. Klub rəhbərliyi dünən bir daha boykotçularla görüşüb. Bonus və yarım aylıq maaşın “İmişli” ilə oyuna qədər ödəniləcəyi bildirilsə də, futbolçular bununla razılaşmayıblar. Onlar məvacibin son qəpiyinə qədər köçürülməsini tələb ediblər.
Onu da bildirək ki, bu gün İmişlidə keçiriləcək matçda kimlərin meydana çıxacağı hələ dəqiqləşməyib. Belə ki, futbolçular öz aralarında “hər kəsə özünə cavabdehdi” prinsipinə uyğun addım atmağı məqsədəuyğun sayıblar.
Qeyd edək ki, hazırda I Liqada vahid lider olan “İrəvan” bu gün keçiriləcək V tur çərçivəsində “İmişli”nin qonağı olacaq. Qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.