"Neftçi"nin müdafiəçisi İsmayıl Zülfüqarlının apasport.az saytına müsahibəsi
- "Neftçi" Premyer Liqanın IV turunda "Qəbələ" ilə görüşdə qələbə qazandı. Amma matç sizin üçün olduqca gərgin keçdi. Həmin qarşılaşmanı necə şərh edərdin?
- Çempionatın əvvəlləri hər zaman gərgin keçir. Əsas bu oyunlardan maksimum xal yığmaqdır. Biz bu oyunda qoyulan məqsədə çatmağı bacardıq, qalib gəldik.
- Maraqlıdır ki, meydanda azlıqda qaldınız, amma ikinci qolu vurdunuz, qələbə qazanmağı bacardınız. Halbuki, "Qəbələ"nin fərqlənəcəyini, hesabı bərabərləşdirəcəyini gözləmək olardı...
- Meydanda azlıqda qaldıqdan sonra həvəsdən düşmədik. Çalışdıq ki, hesabı qoruyaq. Ancaq yenə də hücumlar edərək ikinci qolu vurduq. Bu da bizim daha rahat oynamağımıza kömək oldu. Şadam ki, qalib gəlməyi bacardıq.
- Bu mövsüm "Neftçi" Premyer Liqada ilk qələbəsini qazandı. Səncə, bu, "Neftçi"nin uğurlu çıxışına böyük motivasiya verəcək?
- Düzdür, bu mövsüm liqada qələbəmiz yox idi. Amma çalışırdıq ki, hər oyunda qələbə qazanaq. Hər bir qələbə komanda üçün motivasiyadır. Bundan sonra daha çox qələbə qazanmalı və oyundan-oyuna daha yaxşı olmalıyıq. İnanıram ki, qələbələrin ardı gələcək.
- "Neftçi" V turda "Sumqayıt"la üz-üzə gələcək. Rəqibiniz bu mövsüm uğurlu çıxış edir. Necə düşünürsən, səfərdə "Sumqayıt"ı məğlub etmək alınacaq?
- "Sumqayıt"la oyun hər zaman bizim üçün çətin keçib. Düşünürəm ki, bu oyun da asan alınmayacaq. Ancaq biz də istəkli olacağıq. Öz oyunumuzu rəqibə göstərərək qələbə qazanmaq üçün meydanda çıxacağıq.
- Baş məşqçi Adrian Mutu sənə çox güvənir. "Neftçi"də əsas heyət üzvünə çevrilə biləcəksən?
- Gənc olsam da, ehtiyatda oturmaq istəmirəm. Əlimdən gələni edirəm ki, əsas heyət üzvü olum. Mutu mənə inanır və güvənir. Şansım olduğu zaman bunu dəyərləndirəcəm.
- Ümumiyyətlə, Mutu səninlə fərdi söhbətdə nə deyir?
- Mutu hər zaman bizimlə söhbət edir. O, çatışmayan cəhətlərimizi bizə deyir və düzəltməyimizə kömək olur. Bir futbolçu kimi çox böyük karyeraya malikdir. Ondan öyrəniləsi çox məsələlər var.
- Bu yaxınlarda "Neftçi" ilə müqavilə müddətini artırdın. Bildiyim qədərilə təkliflərin var idi. "Neftçi"də qalmağı özün istədin, yoxsa Adrian Mutu?
- Uşaqlığımdan indiyə kimi bu klubdan başqa yerdə oynamamışam və həqiqətən qalmağımı istədiklərini gördüm. Düşündüm ki, bir il daha oynamalıyam. Ölkə xaricinə çıxmaq hədəflərim var. Bunlar üçün də Azərbaycanda daha çox və yaxşı oynamalıyam.
- Bu turdan sonra çempionatda fasilə olacaq və milli komandamızın oyunları gəlir. Ümumiyyətlə, yığmaya dəvət olacağını ehtimal edirsən?
- Hər bir futbolçunun arzusu var. Mənim arzularımın içində də ən böyüyü millidə oynamaqdır. İstəyərdim ki, Azərbaycan millisinə dəvət alım. Ancaq buna mən yox, baş məşqçi qərar verir. Bu qərar hər zaman hörmətlə yanaşıram.