İsmayıl Zülfüqarlıdan nişanlısına mesaj - MÜSAHİBƏ
11.04.2023 - 10:41
İsmayıl Zülfüqarlıdan nişanlısına mesaj - MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu İsmayıl Zülfüqarlının apasport.az saytına müsahibəsi 

- "Neftçi" "Sumqayıt"la matçda qalib gəlməyi bacardı. Görüşü ümumi olaraq necə şərh edərdin? 
- Bizim oyunlarımız hər zaman çətin keçir. Çünki hər bir komanda "Neftçi"yə qarşı daha çox motivasiyalı olur. Belə oyunlarda əsas məsələ ələ düşən qol epizodlarını dəyərləndirməkdi. Biz də bundan maksimum istifadə edərək qələbə qazandıq. 

- "Sumqayıt"a vurulan dörd qoldan birinin müəllifi sən oldun. Fərqlənən zaman əllə işarə etdin. Deyəsən kiməsə mesaj idi... 
- Bəli, oynadığım qarşılaşmalarda hər zaman həm qol, həm də assistlə komandama kömək etmək istəyirəm. Qol sevincim şəxsi həyatımla bağlıdır. Vurduğum qolu nişanlıma həsr edirdim. 

- "Neftçi" bu qələbə sayəsində "Sabah"la arasındakı xal fərqini beşə endirdi. Demək olar ki, ikincilik uğrunda mübarizə davam edir, yoxsa "Neftçi"ni mövsümü üçüncü pillədə başa vurmaq da razı salacaq?
- Qarşıda oyunlarımız var və biz həmin matçlardan maksimum xal yığaraq mövqeyimizi yaxşılaşdırmalıyıq. Necə olacağını yaşayıb görəcəyik. Mübarizəmizi sona qədər aparacağıq. 

- "Neftçi" növbəti turda "Qəbələ" önünə çıxacaq. Hazırda dördüncü pillədə qərarlaşan komandanı evdə məğlub etməyi bacaracaqsınız?
- Bütün oyunlarda olduğu kimi, bu oyuna da qələbə üçün çıxacağıq. Ən yaxşısını edəcəyik ki, "Qəbələ" ilə görüşü qalib yekunlaşdıraq. 

- Bu matçdan sonra komanda Tovuza yollanaraq "Turan Tovuz"la oyuna çıxacaq. Kubokda finala adlamaq şanslarınızı necə dəyərləndirirsən? 
- Uzun illərdir ki, komandamız kuboku qazanmır. Bu il şansımız var ki, kuboku qazanaq. Amma rəqibimizə hörmətlə yanaşırıq. Çünki bizimlə bərabər onların da final şansı var. Bizim üçün də bu oyunlar asan olmayacaq. Düşünürəm ki, kubok matçlarında daha çox döyüşməliyik və kuboku qazanmaq üçün hər şey etməliyik. 

- Bu mövsüm "Neftçi" çempion ola bilmədi, amma mövsümü kuboku qazanaraq titulla başa vurmaq, mövsümü xilas etmək şansına sahibdir. Səncə, kuboku qazansanız, mövsümü xilas etmiş olacaqsız?
- "Neftçi" hər zaman çempionluq üçün oynayıb. Kuboku uzun illərdən sonra qazanmaq bizim üçün çox yaxşıdır. Həm də yeni mövsüm üçün daha çox motivasiya olacaq.

writer photo
Əlirza Əlirzalı
0