Joze Alesio: “Fərqli “Araz-Naxçıvan” görəcəksiniz”
30.08.2022 - 14:09
Joze Alesio: “Fərqli “Araz-Naxçıvan” görəcəksiniz”

“Ciddi sürpriz olmadı. Düzdür, F qrupundan Gürcüstan çempionunun vəsiqə qazanacağını düşünürdük, amma İsveç çempionu rəqibimiz oldu. Onlar da güclü komandadır, heyətlərində 4 braziliyalı futzalçı yer alıb. Serbiya təmsilçisinin vəsiqə qazanacağını proqnozlaşdırmışdıq. Zəif rəqib, asan oyun olmur. Bütün komandalar iddialıdır, özləri üçün maksimumu hədəfləyirlər”.

Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio da Silva futzal üzrə Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri dəyərləndirərkən deyib.

Braziliyalı mütəxəssis qrupdakı rəqiblərin oyununu gördüyünü söyləyib: “Rəqiblərimizdən “Loznika Qrad”ın oyununu izləmişəm. Onlar “Minerva” ilə görüşdə üstünlük qazandılar. Hansı ki, İsveçrə çempionunun heyətində 7 portuqaliyalı, 2 braziliyalı legioner yer alırdı. Təcrübəli serblər onları də məğlub etməklə itkisiz qrup qalibi oldular. “Orebro”nun da yer aldığı F qrupunun da bəzi görüşlərini izlədim. “Mostar” isə illərdir Çempionlar Liqasında iştirak edir, təcrübəli, oturuşmuş komandadır. Heç bir görüşümüz asan olmayacaq. Onu da deyim ki, ilkin mərhələdə oynayan komandalar hazırkı məqamda daha hazırlıqlıdırlar. Çünki onlar rəsmi matçlarda iştirak ediblər”.

Da Silva komandanın hazırlığından da bəhs edib: “Avqustun 10-dan məşqlərə başlamışıq. Üç həftə ərzində daha çox fiziki hazırlığa yer ayırmışıq, hazırda isə taktiki planda çalışırıq. Demək olar, yeni komanda qurmuşuq. Əvvəlki heyətimizdə yer alan əsas oyunçularımızdan Ramiz Çovdarovla Rövşən Hüseynli qalıb, qalan futzalçılarımız yeni dəvət olunanlardır. Fərqli “Araz-Naxçıvan” görəcəksiniz. Fiziki hazırlıq üzrə məşqçimiz də bizə çox kömək edir. O, həm də qapıçılarla işləyir”.

Çalışdırıcı Bosniya və Herseqovinanın “Mostar”, İsveçin “Orebro” və Serbiyanın “Loznika Qrad” komandaları ilə 5-ci qrupda qərarlaşan yetirmələrinə güvənir: “Bilirik ki, yer aldığımız qrupdan ancaq bir komanda elit-raunda vəsiqə qazanır. Ona görə ciddi hazırlaşırıq, məsuliyyətimizi anlayırıq. Rəhbərlik komandanın qarşısına növbəti mərhələyə vəsiqə qazanmaq tapşırığı qoyulub”.

writer photo
Əlirza Əlirzalı
0