“Mundialın iyunda təşkili əvvəllər oyunçuların fiziki yorğunluqlarına gətirib çıxarırdı. Amma bu dəfə texniki yox, sırf fiziki hazırlıq baxımından daha yaxşı formada olacaqlar”.
Bunu apasport.az saytına “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqes Qətərdəki dünya çempionatının noyabr-dekabr aylarında təşkilinə münasibət bildirərkən deyib.
Braziliyalı hücumameyilli oyunçu Avropada mövsümün davam etməsinin DÇ-2022-yə də müsbət təsir edəcəyini düşünür: “Dünya çempionatının indi keçirilməsi futbolçuların fiziki hazırlığı baxımından fərqli olacaq. Demək olar ki, mövsüm yarılanmayıb, hələ əvvəlidir. Futbolçular daha gümrahdırlar, yorğunluqları yoxdur. Nəzərə alaq ki, bu turnirdə iştirak edən oyunçuların əksəriyyəti yüksək səviyyəli çempionatda oynayır. Üstəlik, həmin liqalarda da rəqabət, gərginlik, oyunların ritmi, sürəti çox yüksəkdir. Bu üzdən maraqlı çempionat izləyəcəyimizi ehtimal etmək olar”.
26 yaşlı futbolçu bəzi ulduz oyunçuların zədə ucbatından kənarda qalmasının mənfi hal olduğunu əlavə edib: “Bir çox yığmaların önəmli futbolçuları zədələnib. Məsələn, Sadio Manenin dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşdi. Digər millilərin də bəzi önəmli oyunçuları turnirdən kənarda qalacaqlar”.
Braziliyalı Kadi mundialdakı favoritlərini də açıqlayıb: “Həm azarkeşlik edəcəyim, həm də əsas favorit kimi gördüyüm komanda Braziliya olacaq. Digər güclü komandalardan isə Fransa və Argentinanı göstərə bilərəm”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də Qətər – Ekvador oyunu ilə start götürəcək. Yarışın final qarşılaşması dekabrın 18-nə təsadüf edəcək.