Kənan Kərimov: "Qarabağ"da enişdən söhbət gedə bilməz, psixoloji təzyiq var” - MÜSAHİBƏ
09.08.2023 - 12:03
Kənan Kərimov: "Qarabağ"da enişdən söhbət gedə bilməz, psixoloji təzyiq var” - MÜSAHİBƏ

“Qarabağ”ın veteran futbolçusu Kənan Kərimovun apasport.az saytına müsahibəsi 

- "Qarabağ" Çempionlar Liqasında "Rakov" səddini keçə bilmədi. Nəticə sənin üçün gözlənilməz oldu? 
- Düzünü deyim ki, "Qarabağ"ın "Rakuv" səddini asanlıqla keçəcəyini düşünürdüm. Çox təəssüf olsun ki, bunu bacarmadılar. Halbuki, daha yaxşı nəticə gözləyirdik. Çünki "Qarabağ" Polşada da, burada da yaxşı oynamışdı. Amma alınmadı. 

- Səncə, mərhələ adlaya bilməsinin səbəbi nədir?
- "Rakuv" evdəkinə nisbətən Bakıda daha yaxşı müdafiə olundu. "Qarabağ"ın hücumlarına çox da imkan vermirdi. Onlar burada daha yaxşı oyun sərgilədilər. "Qarabağ" hava toplarından istifadə edə bilmədi. Hər halda, cərimə meydançasına ötürülən topları "Rakuv" asanlıqla ələ keçirirdi. 

-  "Qarabağ"ın heyəti imkan verirdi ki, "Rakuv" səddini keçsin? 
- Məncə, hər iki görüşdə "Qarabağ" rəqibindən daha yaxşı oynadı. Çox istəyirdim ki, komandamız "Rakuv" səddini keçsin. Heyf ki, olmadı. "Qarabağ"a avrokuboklarda uğurlar arzulayıram. Məncə, hazırkı heyətlə "Rakuv"u da keçmək olardı. Bu, mümkün idi. 

- “Qarabağ” bundan sonra yoluna Avropa Liqasında davam edəcək, HİK-lə qarşılaşacaq. "Qarabağ"ın burada uğuruna inanırsan?
- Təbii ki, hər zaman "Qarabağ"a inanırıq. İndi də belədir. Doğrudur, rəqib də zəif deyil. HİK də daim avrokuboklarda mübarizə aparıb, yaxşı nəticələr qazanıb. Amma ümid edirəm ki, "Qarabağ" avrokuboklarda uğurlu nəticə qazanaraq bizi sevindirəcək.

- Amma "Qarabağ" "Rakuv" uğursuzluğundan sonra ölkə çempionatının da ilk turunda "Zirə"yə uduzdu. Demək olar ki, komandada enişdədir?
- Xeyr, "Qarabağ"da heç bir enişdən söhbət gedə bilməz. Oyun sarıdan problemləri yoxdur. Sadəcə onlarda psixoloji təzyiq var idi. "Rakuv"u keçə bilmədiklərinə görə psixoloji olaraq "düşmüşdülər".  Bu da öz təsirini göstərdi. Çempionatdan üç gün sonra "Qarabağ" yenə avrokuboklarda matça çıxacaqdı. Buna görə də, Qurban Qurbanov məcburi rotasiyalara getmişdi. Bu da təsirsiz ötüşmədi. Fikrimcə, "Qarabağ" əsas heyətdən istifadə etsəydi, "Zirə" ilə matçda meydanında xal itirməzdi. 

- Belə çıxır ki, "Qarabağ" üçün çempionatda da çətin olacaq?
- Çempionatın çətin keçəcəyi gözləniləndi. Amma sırf "Qarabağ"a gəldikdə, bilirsiz, hələ birinci turdur. İndidən heç nə demək olmaz. İnanıram ki, qısa müddətdə "Qarabağ" toparlanaraq öz oyunu ilə azarkeşlərini sevindirəcək.

writer photo
Əlirza Əlirzalı
0