“Kəpəz”in kapitanı: “Bundan sonra nəsə demək gecdir” - MÜSAHİBƏ
27.05.2023 - 13:04
“Kəpəz”in kapitanı: “Bundan sonra nəsə demək gecdir” - MÜSAHİBƏ

“Kəpəz”in kapitanı Yusif Nəbiyevin apasport.az saytına müsahibəsi

- "Kəpəz" Premyer Liqanın hesabat turunda "Neftçi"yə uduzdu. Səncə, məğlubiyyətinizə səbəb nə oldu?
- Hesabda öndəydik, sadəcə saxlaya bilmədik. Ən azından bir xal qazanmaq niyyətindəydik. Amma bunu bacarmadıq. Səbəbi odur ki, səhvlər etdik. "Neftçi" isə bundan yaxşı yararlanaraq qələbə qazandıq. Yoxsa, biz xal qazanacaqdıq.

- "Kəpəz" "Neftçi"nin ikinci yarıdakı təzyiqinin qarşısında tab gətirə bilmədi? Sanki həm də yorulmuşduz...
- Siz deyən elə də böyük təzyiq yox idi. Sadəcə oyunçularını dəyişdilər, əvəzetmələr oldu. Ancaq biz özümüz bu vəziyyətdən çıxa bilmədik.

- Məğlubiyyətə baxmayaraq, "Kəpəz" Premyer Liqadakı yerini qoruyub-saxlaya bildi. Əsas məqsədinizə çata bildiniz? 
- Qarşımıza Premyer Liqada qalmaq məqsədi qoyulmuşdu. Ancaq biz istəyirdik ki, bacardığımız qədər üst pilləyə qalxaq. Bu mövsüm sadəcə liqada qala bildik. Beş-altıncı yerlər olsaydı, daha yaxşı idi. Necə olacağını görəcəyik.

- Növbəti və son turda "Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq. Bu matçda qələbə şansınız nə qədərdir? Yəni, mövsümün son matçında, belə deyək qapını yaxşı çırpmaq üçün qələbə qazanmaq istəyərdiz yəqin...
- Komanda meydana qələbə üçün çıxacaq. Necə olacağını demək çətindir. Çünki "Qəbələ" bu oyunu qalib gəlməlidir ki, dördüncü yeri tutsun. Biz də qalib gəlib yaxşı notlarla mövsümü başa vurmaq istəyirik. Maraqlı görüş olacaq.

- Bu görüşün sizin üçün əhəmiyyəti çox deyil. Amma "Qəbələ" avrokuboklara vəsiqə qazanmaq üçün oynayacaq. "Kəpəz" "Qəbələ"ni udsa, "Zirə"nin avrokuboklara vəsiqə qazanmasına kömək ola bilər. Bu barədə nə deyərdin?
- "Qəbələ" və "Zirə"dən hansı avrokuboklara getsə, mənim üçün fərqi yoxdur. İkisi də avrokuboklara getməyi haqq edir. Hansı bunu bacararsa, avrokuboklarda uğurlar arzulayıram. Nəticədə Azərbaycanı təmsil edəcəklər. Onların uğur qazanması futbolumuz üçün də yaxşıdır. 

- Mövsümün əsas hissəsini Qəbələdə keçirdiniz. Bu, sizin çıxışınıza çox təsir etdi? 
- Nəsə desək belə, artıq hər şey geridə qaldı. Bundan sonra nəsə demək gecdir. Gələn mövsüm yaxşı olar, "Kəpəz" matçlarını Gəncədə keçirər.

- Yeni mövsüm Kəpəzdə qalacaqsan? Yeni mövsüm daha iddialı, avrokubok uğrunda mübarizə aparacaq "Kəpəz" görə biləcəyik?
- Bu dəqiqə verdiyiniz sual, elə sual olaraq qalır. Çünki "Kəpəz"lə və ya başqa komanda ilə danışığım olmayıb. Mövsüm bitsin dincələk, sonra görək necə edirik. Zaman hər şeyi göstərəcək.

writer photo
Əlirza Əlirzalı
0