Azərbaycanda transfer pəncərəsi artıq iki həftədir açılıb.
Apasport.az saytının məlumatına görə, bu müddət ərzində klublar əsas diqqətlərini heyətdə təmizlik işləri aparmağa yönəldib.
Təsadüfi deyil ki, Premyer Liqa təmsilçiləri artıq 50-yə yaxın futbolçu ilə vidalaşıb. Həmçinin 4 klubda da baş məşqçi dəyişikliyi olub.
O ki qaldı transferlərə, düzdür, Premyer Liqaya hazırlıq baxımından heyətlərin komplektləşməsi üçün hələ kifayət qədər vaxt var. Ancaq avrokuboklardakı iştirakçılarımız transferlərini bu günə qədər böyük ölçüdə həll etməli idilər. Bəs Avropa arenasına çıxacaq 4 klubumuz bu dönəmi necə keçirib?
Son çempion “Qarabağ” heyətin özəyini qorumağı bacarıb. Yalnız Patrik Andrade ilə uzun sürən danışıqlar nəticəsiz qaldı. Kabo verdeli yarımmüdafiəçinin boşluğunu doldurmaq isə şərtdir. Doğrudur, ağdamlılar İsraildən Marko Yankoviçi gətirdi. Lakin monteneqrolu yarımmüdafiəçinin meydançada Andradedən fərqli funksiyalar icra etdiyini söyləmək lazımdır. 12 gündən sonra mövsümə Çempionlar Liqası ilə “siftə” edəcək “Qarabağ” çoxdandır axtarışında olduğu hücumçu transferində də hələ istəyinə çatmayıb.
“Qəbələ”nin də strategiyası “Qarabağ”la eynidir. “Qırmızı-qaralar” da komandanın skeletini əlində saxlamağa çalışır. Komandadan gedən Nicat Mehbalıyev və Fernan Lopesin boşluğu dərhal dolduruldu. Hər halda Səlahət Ağayevlə Felipe Santos onları əvəzləməlidir. Rəhbərlik indi yalnız yarımmüdafiəçi Stefan Vukçeviçin qərarını gözləyir. Monteneqrolu Azərbaycana qayıtmaqdan imtina etsə, Elmar Baxşıyevin siyahısındakı yarımmüdafiəçilərdən biri gətirilməlidir.
“Zirə”nin transfer pəncərəsi dönəmində az da olsa tərpənişi var. Amma gedənlərlə gələnləri müqayisə etsək, qəsəbə təmsilçisinin gücləndiyini demək doğru olmaz. Slavik Alxasov, Mirsayib Abbasov kimi oyunçular iddiası olan klubu irəli yox, arxaya aparar. Yalnız “Sumqayıt”dan alınan Rəhim Sadıxovu fərqləndirmək olar. Ağabala Ramazanovla Davit Volkovun gedişi isə Rəşad Sadıqovu yeni hücumçu transferlərinə vadar edir. Xüsusən də, gürcüstanlı forvardın boşluğunu doldurmaq asan olmayacaq.
O ki qaldı “Neftçi”yə, bir aydır yuxuda olan “flaqman”, nəhayət ki, oyandı. Baş məşqçi postuna sürpriz şəkildə rumıniyalı Laurentsiu Regekampfı gətirən “ağ-qaralar” nəinki transferlərə başlamayıb, hətta hansı futbolçuları yola salacağını da müəyyənləşdirməyib. Halbuki Konfrans Liqasındakı ilk matça bir aydan da az vaxt qalıb. Yeni çalışdırıcı və yenidən yığılacaq heyətin formalaşması, sistemə uyğunlaşması isə bir ayın işi deyil. Yəni avrokubok iştirakçılarından “Neftçi” ilə müqayisədə digərlərinin durumu qənaətbəxşdir.
Ötən mövsüm oyunlar zamanı meydanda yatan “Sabah” isə yayı gözüaçıq keçirir. Bakılıların transfer siyasətinə digər komandalar həsəd apara bilər. Murad Musayevin yola saldığı oyunçular arasında yalnız Xuan Kamara az-çox xeyir verirdi. Əvəzində gələn oyunçular sayəsində “Sabah” artıq indidən çempionluğa iddialı sayılır. Hər halda Tellur Mütəllimov, Anatoli Nuriyev, Namik Ələskərov kimi milli üzvləri, çempionatın bombardirləri sırasında qərarlaşan Davit Volkov rəhbərliyi baş məşqçi önündə çempionluq iddiası qoymağa məcbur edəcək səviyyədə oyunçulardır.
İkinci “beşlik”də olması gözlənilənlərdən yalnız “Səbail” xüsusi fəallığı ilə seçilir. Ötən mövsümün sonuncusu, ümumiyyətlə, tamamilə yenilənir. Baş məşqçi postuna gətirilən Mahmud Qurbanov əcnəbilərlə və veteranların çoxu ilə sağollaşdı. Əvəzində reallaşdırılan transferlər bu komandanın çıxışını maraqla gözləmək üçün səbəb verir.
“Sumqayıt” və “Şamaxı” isə o qədər bərk yuxudadırlar ki, onları oyatmaq hələ mümkün olmayıb. Bir neçə aparıcı oyunçusunu saxlaya bilməyən “gənclik şəhəri” təmsilçisində əcnəbi transferlərinə icazə verilsə də, heç kimin gətirilməməsi oradakı durumu ortaya qoyur. “Şamaxı”nın vəziyyəti isə daha acınacaqlıdır. 12 futbolçu ayrılıb, üstəlik, nə prezidentləri var, nə də baş məşqçiləri. Baş məşqçi postuna Cavid Hüseynovun gətirilməsi gözlənilir. Ancaq gənc mütəxəssis gəlməyinə peşman olmasa yaxşıdır.
Debütantlar “Turan Tovuz” və “Kəpəz”dən də ciddi nəsə gözləmək yersizdir. Ayxan Abbasovu komandanın sükanı arxasına gətirən tovuzlular hələlik “Şamaxı”dan yığdıqları və digərlərinə lazım olmayanları gətirdikləri ilə öyünə bilər. Gəncə klubunda da durum bundan elə ciddi fərqlənmir.
Ümumiyyətlə, geridə qalan iki həftə ərzində ölkəmizə xaricdən cəmi 4 əcnəbi oyunçu gəlib ki, onlardan biri Marko Yankoviç, digərləri isə “Səbail”in transferləridir. Onlardan da Emil Martinov 2018/19 mövsümündə burada məhz “Səbail”in formasını geyinib.
Bütün bunlar onu deməyə əsas verir ki, klublarımız əcnəbi transferlərində ciddi sıxıntı yaşayırlar. Bu gedişlə elə öz aralarında yerlilər kimi, əcnəbilərini də dəyişməklə kifayətlənəcəklər. Əlinin papağını Vəliyə, Vəlinin papağını da Əliyə ötürməklə isə ən yaxşı halda yerində saya bilərsən.
Ruslan Sadıqov