Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi Nuno Migel Rodrigeslə anlaşıb.
Bu gün Bakıya gələn 29 yaşlı portuqaliyalı tibbi müayinədən keçib. Onunla 1 illik müqavilə imzalanıb.
Sağ cinah hücumçusunun son klubu Portuqaliyanın 2-ci liqasında iştirak edən “Kovilya” olub. Nuno karyerası ərzində “Oliveira do Hospital”, “Pedras Salqadas”, “Qafanha”, “Lusitano Vildemoinhos”, “Mafra”, “Arouca”, “Vilafranquense” klublarının da formasını geyinib.
Müqavilə imzaladıqdan sonra futbolçu arazpfk.com-a açıqlama verib: “Ölkəniz haqda eşitmişdim, internet resurslarından da məlumat toplamışdım. Menecerim, eləcə də burada oynayan futbolçulardan müəyyən bilgi əldə etmişdim. Maraqlı, gözəl ölkəniz var. Bilirəm, “Araz-Naxçıvan” uzun fasilədən sonra yenidən Premyer Liqada oynayacaq. Buna görə narahat deyiləm. Yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəm. Bilirəm ki, xüsusilə də legionerlərdən gözləntilər böyükdür. Bura kömək etmək üçün gəlmişəm. Komandamla uğur qazanacağıma inanıram”.