DÇ-2022-də 1/8 finalın daha bir matçı keçirilib.
Apasport.az saytının məlumatına görə, Qətərdəki mundialın 16-cı günü Braziliya – Cənubi Koreya oyunu ilə yekunlaşıb.
Altıncı 1/4 finalçının müəyyənləşdiyi görüşün taleyi matçın ilk 45 dəqiqəsində həll olunub. Braziliyalılar qarşılaşmaya erkən qollarla başlayıb. Öncə Vinisius, ardınca Neymar asiyalıları məyus edib. Fasiləyədək Rişarilson və Lukas Paketa da rəqib qapısına yol tapıb.
Asiyalıların gücü ikinci hissədə təsəlli qolu vurmağa çatıb. 4:1 hesablı qələbə qazanan pentakampeonlar 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/8 finala sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.
DÇ-2022
1/8 final
5 dekabr
23:00. Braziliya – Cənubi Koreya - 4:1
Qollar: Vinisius, 7, Neymar, 13 (pen.), Rişarilson, 29, Lukas Paketa, 36 - Seung-Ho Paik, 76