Kvirkveliya: “Bu, həm biz, həm də “Qarabağ” üçün vacibdir” - MÜSAHİBƏ
20.02.2023 - 17:00
Kvirkveliya: “Bu, həm biz, həm də “Qarabağ” üçün vacibdir” - MÜSAHİBƏ

“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliyanın apasport.az saytına müsahibəsi

- Premyer Liqada “Səbail”lə matçı qış fasiləsindən sonra ən asan görüş saymaq olar? Rəqibə 3:0 hesabı ilə qalib gəldiniz…
- Xeyr, qətiyyən asan oyun olmadı. Çətin matç alındı. Onsuz da çempionatdakı bütün qarşılaşmalar çətin keçir. “Səbail”lə görüşün ilk yarısı daha da çətin idi. Oyundan əvvəl qarşımıza qoyulan vəzifə qalib gəlmək idi, onu da etdik. Buna görə də, şadam. 

- Həm ilk yarıda, həm də ikinci hissədə rəqib qapısına penalti təyin edildi. Bunlar qələbənizdə həlledici rol oynadı?
- Hər vurulan erkən qol, onsuz da həlledicidir. “Səbail”in qapısına təyin edilən hər iki penalti 100 faizlik idi. Təkrara baxanda da görmək olur. Erkən qol vuranda oynamaq təbii ki, daha asan alınır.

- Matçdan sonra keçirilən mətbuat konfransında “Səbail”in baş məşqçisi bildirib ki, hesab oyuna görə olmadı və uduzmağa layiq deyildik. Bu haqda fikrin necədir?
- “Səbail” tərəfi oyundan əvvəl də deyirdi ki, “Neftçi”yə qalib gələcəyik. Amma bu, futboldur. Sonda hamı tablodakı hesaba baxır. Orada isə 3:0 hesabı yazılmışdı. Demək ki, biz qalib gəldik.

- “Neftçi” hazırda üçüncü pillədədir. Çempionluq şansınızı necə dəyərləndirirsən? Ümumiyyətlə, “Sabah”ı qabaqlaya biləcəksiz?
- Bəli, biz hazırda üçüncü pillədəyik. Amma qarşıda hələ çox oyun var. Heç kim bilmir ki, hansı komanda mövsümü hansı pillədə başa vuracaq. Təbii ki, hər oyundan qələbə ilə ayrılmaq istəyirik. Qarşımıza qoyulan vəzifələrdən biri də ölkə kubokunu qazanmaqdır. Əlimizdən gələni edəcəyik.

- Qarşıdakı turda Azərbaycan derbisi oynanılacaq. “Neftçi” “Qarabağ”la üz-üzə gələcək. Ümumiyyətlə, bu oyunlarda əsl derbidə olduğunu hiss edirsən?
- Əlbəttə ki, bu hiss olunur. Görünür ki, bu matç həm biz, həm də “Qarabağ” üçün vacibdir. Yaxşı oyunlar gedir. Budəfəki görüşün də olduqca gərgin keçəcəyini düşünürəm. Ümidvaram ki, çox azarkeş olacaq və maraqlı derbi alınacaq.

- Bu mövsüm “Qarabağ”a bütün oyunlarda uduzmusunuz. Səncə, bu mövsüm ilk dəfə gələn tur onlardan xal ala biləcəksiz?
- Bu mövsüm son 4 matçdakı kimi oynaya bilməmişdik. Son 4 görüşdə həqiqətən çox yaxşı çıxış edirik. Ümidvaram ki, “Qarabağ”a qarşı oyun bizim üçün yaxşı alınacaq və nəticə də bizim üçün uğurlu olacaq. 

- “Qarabağ” sizinlə oyuna qədər Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə oyununa çıxacaq. Səncə, rəqibinizin ağır səfərdən qayıtması sizin üçün üstünlükdür?
- Bilmirəm. Bəlkə üstünlükdür, bəlkə də, elə deyil. Düzünü deyim, bu suala cavab verə bilməyəcəm. “Qarabağ” haqda nə demək olar? Yaxşı klubdur, yaxşı komandadır, heyətində yaxşı oyunçular var. Gördüyümü deyən biriyəm, ona görə də onların yaxşı komanda olduğu fikrindəyəm.

- “Qarabağ”la xal fərqi çox olduğundan çempionluq şansınız çox da yüksək görünmür. Amma mövsümü titulla başa vura bilərsiniz. Səncə, ölkə kubokunu qazanmağınız alınacaq?
- Hələ ki, şansımız var və biz sona qədər mübarizə aparacağıq. Bu çempionatda alınacaq, yoxsa ölkə kubokunda, onu mövsümün sonunda görəcəyik. Biz sona qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik. 

writer photo
Əlirza Əlirzalı
0