Regekampf: "Bu mənim problemim deyil"
08.10.2022 - 21:47
Regekampf: "Bu mənim problemim deyil"

“Oyuna yaxşı başladıq. Çalışdıq təzyiq yaradaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının IX turunun “Turan Tovuz”la görüşündən sonra təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Hücumları bitirə bilmir, işimizi çətinləşdirirdik. Belə də rəqibin işini asanlaşdırdıq. Bizim üçün yaxşı nəticə deyil. Tezliklə bərpa olunub növbəti matça konsentrasiya olmalıyıq”.

Regekampf “Qarabağ”la çempionluq mübarizəsində aldıqları növbəti itki barədə sualı cavablandırıb: “Sonadək mübarizə aparacağıq. Hazırda çox danışmalı deyilik. Bunu meydanda göstərməliyik. Çalışmalıyıq ki, sakitləşib titul uğrunda rəqabəti davam etdirək. 

O, “Styaua”dan təklif alması barədə xəbərlər yayılmasına münasibət bildirib: “İşimə konsentrasiya olmuşam. 2 illik müqaviləm var. Adım çox yerlərdə hallanır. Amma müqaviləm olduğu üçün maraqlandırmır. Bu, normaldır. Onlar da jurnalistdir. Nə düşünürlərsə onu yazırlar. Bu mənim problemim deyil, xəbərim yoxdur”.

Mütəxəssis rəqibin oyun üslubuna qarşı hazırlaşdıqlarını da bildirib: “Beşli müdafiəyə qarşı oynamağa hazırlaşırdıq. Rəqibin üslubuna uyğun hər cür variantı nəzərdən keçirirdik ki, müdafiəni necə yaraq. Erkən qol vursaydıq, oyun başqa cür olacaqdı. İlk dəqiqələrdən qol axtarışında idik. Qol vura bilmədik və rəqibə motivasiya verdik. Onlar görüşün sonunda yüzfaizli qol imkanı da qazandılar. Müdafiə olunmaq hücum qurmaqdan daha asandır. Kimin daha yaxşı hazırlaşması sizin fikrinizdir. Buna hörmətlə yanaşıram. Çalışdıq ki, ortada çoxluq yaradaq. Cinahlarda asan olsun. Hündürboy hücumçumuz yoxdur. Bunu da nəzərə almışdıq. Oyun üslubumuz hərəkətli olmaq, kombinasiyalı oynamaqdır. Bundan yararlanmadığımız üçün çətinliklərimiz yarandı”.

Rumıniyalı heyətin gücləndirilməsinə də toxunub: “Hər gün rəhbərliklə danışırıq. Güclü komanda yaratmaq istəyirik. Bu, bir günlük proses deyil. Hansı mövqelərdə təkliflər olduğunu götür-qoy edirik. Yerli oyunçular da alınmalıdır. Zədəlilərin olacağını gözləmirdik. Ümidvaram ki, Eddi 3-4 həftəyə qayıda bilər. Azər Salahlının nə vaxt dönəcəyini dəqiq bilmirik. Onları layiqincə əvəz etmək asan deyil. Bu gün İsmayılı müdafiənin solunda oynatmalı olduq. Azər Əliyevin də problemi var idi. İstənilən komanda belə vəziyyətlə üzləşə bilər. Şikayətlənmək istəmirəm. Əlimizdə olanlarla kifayətlənmək istəmirik. Daha güclü olmalıyıq. Hər gün bu barədə danışırıq. Hamı çalışır ki, ən yaxşısını etsin. Hücumçu qol vurmalıdır. Donyonun özü də oyunundan razı deyil. Kifayət qədər keyfiyyətli oyunçudur. Biz də onu motivasiya edirik. Hamımız ümid edirik ki, yenidən qollarını vuracaq. Ona inamımız böyükdür”.

Regekampf Solomon Kverkveliyanın əvəzetmə zamanı narazılıq etməsinə də münasibət bildirib: “Biz məcbur idik müdafiəçilərdən birini çıxarıb meydana hücumçu buraxaq. Bu da normaldır. Onun narazı qalmağa əsası yoxdur. Daha çox mübarizə aparmalı, üzərində çalışmalıdır. Əminəm ki, problem yoxdur”. 

Mütəxəssis Emin Mahmudovun yorulmasına da toxunub: “Emin peşəkar futbolçudur və 90 dəqiqə oynamalıdır. Bu çempionatdır. Mən keçirmirəm. Buna görə maaş alırıq. Millinin və “Neftçi”nin kapitanıdır. Ola bilər yorğundur. Onun kimi oyunçudan 10 dənə deyil. O da qürur hissi keçirməlidir ki, 3-4 gündən bir oynayır. Emin hər matçda ən çox qaçan oyunçumuzdur. O, robot deyil, yorula bilər”.

Regekampf Yeqor Boqomolskinin hücumda Qodsvey Donyo ilə rəqabətindən də danışıb: “Hər şey özündən, özünü məşqlərdə aparmasından asılıdır. Ona şans veriləndə fərqli nələrsə etməlidir. Onun üçün rəqabət asan deyil. Bilirik ki, gənc oyunçudur. Hələ çox öyrənməlidir. Hər imkan düşəndə meydana buraxıram. İnanıram ki, Donyo da yüksək səviyyədə oynayacaq”.

Qeyd edək ki, “Bakcell Arena”dakı qarşılaşmada qolsuz heç-heçə qeydə alınıb.

writer photo
Əlirza Əlirzalı
0