Laskau: "Azərbaycan bu məsələdə ön sıralardadır”
21.02.2023 - 21:27
Laskau: "Azərbaycan bu məsələdə ön sıralardadır”

Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytı Azərbaycanda məşqçilik imtahanının keçirilməsinə dair xəbər hazırlayıb.

Apasport.az xəbər verir ki, 6-18 fevral tarixlərində baş tutan imtahanlarda 79 məşqçimiz iştirak edib.

Sessiyanın açılış mərasimində ACF-nin baş katibi Rəşad Rəsullu proqramın həyata keçirilməsinə görə Akademiyanın mütəxəssislərinə və IJF prezidenti Marius Vizerə, eləcə də MOK-a təşəkkürünü bildirib: “Məşqçilərimiz daha sonra əldə etdikləri bilik və bacarıqlardan istifadə edəcəklər. Bu proqram çərçivəsində Azərbaycanda cüdonun inkişafına töhfə vermək istəyirik. Bu il Akademiyada təhsilə başlayacaq daha 55 cüdo məşqçimiz olacaq”.

IJF Akademiyasının direktoru Envik Qalya da fikirlərini bildirib: “Biz Azərbaycana xüsusi diqqət yetiririk. Mütəxəssislər artıq 4 dəfə məşqçi hazırlamaq üçün Azərbaycana səfər ediblər. Əsas prinsipimiz məşqçilərin imtahanlardan uğurla keçməsinə kömək etməkdir. Buradakı bütün məşqçilər yaxşıdır, lakin daha da yaxşı məşqçi olmaq üçün həmişə daha çox öyrənmək xüsusi əhəmiyyət kəsb edir”.

IJF Akademiyasının idman direktoru Florin Daniel Laskaunun sözlərinə görə, ölkədə həyata keçirilən tədbirlər cüdonun inkişafına təkan verəcək: “ACF bütün səviyyələrdə cüdonun inkişafına, o cümlədən uşaqlara, yeniyetmələrə və cüdo üzrə milli komandanın hər bir idmançısına fərdi yanaşmaya diqqət yetirir. Dövlətin idmana münasibəti də önəmlidir. Azərbaycan bu məsələdə ön sıralardadır”.

writer photo
Əlirza Əlirzalı
0