“Oyundan əvvəl də, görüş zamanı da çox həyəcanlı idim. Oyunçular və azarkeşlər üçün əla şou oldu”.
Apasport.az saytının məlumatına görə, bunu “Lex”in baş məşqçisi Con van den Brom Çempionlar Liqasının I təsnifat mərhələsində öz meydanında “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.
Niderlandlı mütəxəssis qarşılaşmanın ardından keçirilən mətbuat konfransında bu fikirləri səsləndirib: “Əvvəllər “Lex” haqda danışarkən böyük komanda ruhuna diqqət çəkdim, bu gün təsdiqləndi. Hamının necə qalib gəlmək istədiyini gördüm. Bu gün daha çox müdafiə olunduq, amma bu, Çempionlar Liqasıdır və fərqli qaydaları var. Xüsusən də, ilk hissədə top daha çox rəqibdə oldu, onlara müqavimət göstərməyə çalışırdıq”.
Con van den Brom vurduqları qolda qurulan hücumu xüsusi qiymətləndirib: “Çox yaxşı komandaya qarşı çıxış etdik. Çempionlar Liqası kimi turnirdə bu cür rəqiblə qarşılaşmağımız normaldır. Təbii ki, nəticə ürəyimizcə oldu. Bu gün müdafiədə etibarlı oynadıq, təhlükəli hücumlar qurduq. Çox yaxşı düşünülmüş kombinasiya ilə qol vurduq. Hətta yenə fərqlənə bilərdik. Bu qol bizə daha çox güvən verdi. “Lex”dəki ilk matçımda qalib gəlmək vacib idi. İndi cavab görüşünü düşünürük və onun üzərində işləyəcəyik”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.