“Neftçi”nin futbolçusu Lukas Melanonun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, argentinalı forvard jurnalistlərin suallarını cavablandırıb.
- Artıq 15 tur geridə qalıb və “Neftçi”nin dörd hücumçusu birlikdə cəmi bir qol vurmusuz. Maaşınızı kartdan çıxaranda, buna görə utanırsız?
- Nə özümün, nə də digər hücumçularımızın performansından razıyam. Əsas işimiz qol vurmaqdır, bunu edə bilmirik. Bura çempionat davam edə-edə gəlmişdim. Azərbaycana adaptasiya olmağa çalışdım. Oynamırdım. Baş məşqçimiz son matçlarda mənə şans verir. İnanın ki, həftəboyu öz üzərimdə çox çalışıram ki, qol vurub komandaya xeyir verim. Hələ ki, alınmır. Çalışacam ki, öhdəsindən gəlim.
- Bura gəlməmişdən əvvəl Azərbaycan haqda məlumatınız var idi?
- Azərbaycana gəlməmişdən öncə ölkə haqda çox məlumatım yox idi. Çempionat haqda isə azca məlumata sahib idim. Çünki həmyerlilərim arasında Azərbaycanda müxtəlif klublarda oynamışlar var. Onlarla danışırdım. Bura gəldikdən sonra Bakı şəhəri və mədəniyyətinizlə tanış oldum. Azərbaycanı çox bəyənirəm.
- Dekabrın 15-də “Neftçi” “Qarabağ”la qarşılaşacaq. Mövsümə çempionluq hədəfi ilə başlasaz da, indi “Qarabağ”la 10 xallıq fərqiniz var. Hədəfə çatmağınız indi nə dərəcədə real görünür?
- “Qarabağ”la oyuna hələ iki tur var. Buna qədər digər matçları oynayacağıq. Çempionatın bitməsinə də çox qalıb. “Qarabağ”la xal fərqimiz çoxdur, böyük görünür. Lakin futbolda hər şey mümkündür. Təkcə “Qarabağ”la oyuna köklənmək lazım deyil. Bütün matçlarda xal itirməməyə çalışmalıyıq. “Qarabağ”la öz aramızdakı matçlarda isə maksimum xal qazanmaq istəməliyik.
- Avropadakı legioner karyerana niyə məhz 30 yaşında başladın?
- Bir neçə dəfə müxtəlif ölkələrdən təkliflər gəlmişdi. Amma bəzən özümdən asılı olmayan məsələlər buna imkan vermədi. Klublar arasında razılıq əldə edilmədi. Ondan sonra ABŞ-dan təklif gəldi, razılıq oldu və ora getdim. Hazırda da “Neftçi”dəyəm və bu komandanın uğuru üçün çalışıram. Bəzi liqalar var ki, gələcəkdə orada oynamaq istəyərəm. Amma indi “Neftçi”dəyəm və bu komanda ilə uğur əldə etmək niyyətindəyəm.
- ABŞ-da oynadığın vaxtda komanda yoldaşlarından biri Samuel Armenterros olub. “Qarabağ”ın sabiq forvardı ilə Azərbaycan futbolu haqda danışmışdız?
- Samuellə çox yaxşı münasibətimiz var. Onunla tez-tez danışırdıq, ümumi mövzular çox olub. Sırf Azərbaycan haqda danışığımız olmayıb. Samuel də zəngin karyeraya malikdir. Oynadığımız ölkələr, klublar haqda danışırdıq.
- MLS-də daha çox hansı ulduza qarşı oynamısan? Yenidən ora qayıtmaq istəyərdin?
- Əlbəttə ki, hazırda MLS daha çox inkişaf edib. Bilmirəm, ora qayıtmaq qismət olacaq, ya yox. Ancaq karyeramı bitirdikdən sonra ABŞ-da yaşamaq istəyirəm. “Neftçi”yə yeni gəlmişəm. İstəyirəm ki, burada uğurlar əldə edim. MLS-də olduğum vaxtda Zlatan İbrahimoviç, Andrea Pirlo, Didye Droqaba, Frank Lemparda qarşı oynamışam.
- Azərbaycan mətbəxini xoşlayırsız?
- Bura gəldikdən sonra insanların xaricilərə necə yanaşması, qonaqpərvərliyi məni yaxşı mənada çox təəccübləndirdi. Dil baryerinə baxmayaraq, insanlar çalışır ki, dəstək olsunlar. Şəhəri gəzmişəm, çox gözəldir, buranı bəyənirəm. Mətbəxinizə gəldikdə, mən dolmanı çox sevirəm.
- Adrian Mutu ilə əvvəlki məşqçilərini necə müqayisə edərdin? Onun fəlsəfəsi nədən ibarətdir?
- Müqayisə etmək düzgün çıxmazdı. Çünki hər məşqçinin özünəməxsus ideyaları, fəlsəfəsi var. Məşqlərimiz çox yaxşı keçir. Yaxşı kollektivimiz var, bir-birimizi yaxşı başa düşürük. Baş məşqçinin tapşırığını da maksimum yerinə yetirmək istəyirik. Hər şey istədiyimiz kimi gedir. Bəzən uğursuzluq olur.
- Sizdən əvvəl, ötən həftə mətbuat konfransına Rəhman Hacıyev gəlmişdi və sonradan qol vurdu. Bu dəfə siz mətbuat konfransına gəlmisiz. “Turan Tovuz”la matçda qol vuracağınız təqdirdə estafeti kimə ötürəcəksiz?
- İstəyərdim ki, ənənə davam etsin, bura gələn oyunçu növbəti turda qol vursun. Amma qarşıdakı turda qol vursam, gələn dəfə də bura özüm gələcəm (gülür).