"Səbail"in müdafiəçisi Maksim Çexin apasport.az saytına müsahibəsi
- Azərbaycan kubokunda "Qəbələ"yə məğlubiyyəti nə ilə əlaqələndirərdiz?
- Cavab oyununun da ilk hissədə pis oynamadıq. İkinci yarının əvvəlində isə erkən qol buraxdıq və işlər istədiyimiz kimi getmədi. Buraxılan qol da bizi sındırdı. Ona görə də, tam istədiyimiz kimi olmadı.
- Oyundan əvvəl geridönüş edəcəyinizə inanırdınız?
- Əlbəttə ki, matçdan əvvəl buna inanırdıq. Biz evdə yaxşı oynayırıq. Bilirdik ki, hər şey baş verə bilər. Sadəcə, günümüz deyildi. Bunun da nəticəsində məğlub olduq və istədiyimizə çatmadıq.
- Bəlkə bütün fikriniz çempionata yönəlib...
- Xeyr, kubokda iştirak etməyimiz işimizə mane olmurdu. Biz həm kubokda finala çıxmaq istəyirdik, həm də Premyer Liqadakı yerimizi qoruyub-saxlamaq fikrindəydik. Hər ikisi uğrunda da sona qədər mübarizə aparırdıq. Heyf ki, kubokda dayandıq.
- Azərbaycan kubokunun finalının adı "Neftçi" - "Qəbələ"dir. Favorit hansı komandadır?
- Hansı komandanın qalib gələcəyini demək çətindir. Həm "Neftçi", həm də "Qəbələ" yaxşı futbol oynayır. Sadəcə, gözləmək və nəticənin necə olacağına baxmaq lazımdır. Finalda görəcəyik.
- Qarşılaşmanın "Bakcell Arena"da keçirilməsi "Neftçi"nin şanslarını yüksəldir?
- Bu haqda yalnız bir söz deyə bilərəm ki, məncə, bu, digər komandalara qarşı ədalətli deyil.
- Maraqlıdır ki, sizin növbəti oyununuz da "Qəbələ"yə qarşıdır. Amma bu dəfə ölkə çempionatında. Səncə, səfərdə qələbə qazanmaq şansınız var?
- Onsuz da, bizim hər oyunumuz final kimidir. Əlbəttə ki, "Qəbələ"dən revanş almaq istəyirik. Necə olacağını matç göstərəcək. Biz uğurlu nəticə üçün çalışırıq.
- Hazırda "Səbail" sonuncu pillədədir və qarşıda 5 oyun qalıb. Komanda Premyer Liqadakı yerini qoruyub-saxlaya biləcək?
- Bizim vəzifəmiz Premyer Liqada qalmaqdır. Təbii ki, bu, asan olmayacaq, çətin alınacaq. Amma biz özümüzə çox inanırıq və işimizin öhdəsindən gələcəyimizə əminəm.