Maksim Medvedev: “Göstərmək istədik ki, hələ də ölkənin bir nömrəsiyik” - MÜSAHİBƏ
23.05.2022 - 10:22
Maksim Medvedev: “Göstərmək istədik ki, hələ də ölkənin bir nömrəsiyik” - MÜSAHİBƏ

“Qarabağ”ın kapitanı Maksim Medvedevin apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünü çempion kimi tamamladınız. Təəssüratlarınız necədir?
- Asan çempionluq olmadı. Mövsümboyu çox güc sərf etdik, hərtərəfli vuruşduq. Həm Premyer Liqada, həm Azərbaycan kubokunda, həm də Konfrans Liqasında daim özümüzü yaxşı formada saxlamağa çalışdıq. “Neftçi” ilə son tur matçında da (4:1) bütün enerjimizi topladıq ki, Azərbaycanda bir nömrəli komanda olduğumuzu sübut edək. Bu da bizdə alındı. Düzdür, çempionluğu öncədən təmin etmişdik. Amma göstərmək istədik ki, hələ də ölkənin bir nömrəsi bizik. Bunu da qoruyub-saxlamaq istəyirik. Qarşıda Azərbaycan kubokunun finalında “Zirə”yə qarşı oyunumuz var. Ondan sonra da Çempionlar Liqasına hazırlaşacağıq. İnanıram ki, yaxşı performans yığıb, orada da uğurlu çıxış edəcəyik.

- Hazırkı “Qarabağ”ın ən güclü komanda olduğu fikri ilə razısınız?
- Əgər bu gün “Qarabağ” belə oynayırsa, rəqiblərini bu cür üstələyirsə, Konfrans Liqasında tarix yazırsa, deməli, bu komandanın potensialı böyükdür. Bir az da artırsaq, bəlkə daha böyük tarix yaza bilərik.

- Çempionlar Liqasında komanda hara qədər irəliləyə bilər?
- Hər şey hazırlıqdan asılıdır. Bildiyiniz kimi, iyunun əvvəlində milli komandanın dörd oyunu olacaq. Ondan sonra Çempionlar Liqasına hazırlaşmağımız üçün çox az vaxtımız qalacaq. Həmin vaxt komanda hansı durumda olacaq, indidən deyə bilmərik. Baş məşqçinin üzərinə böyük iş düşəcək. Çünki bəziləri millinin toplanışından, bəziləri istirahətdən qayıdacaq. Komandanı qısa zamanda ən yüksək performansa çatdırmaq lazım gələcək.

- Millətlər Liqasından gözləntiləriniz nələrdir?
- O barədə hələ fikirləşmirik. Çünki mayın 27-də kubokun final görüşü var. Diqqətimiz yalnız həmin final matçındadır. Ondan sonra milli komanda barədə fikirləşə bilərik.
 

writer photo
Əlirza Əlirzalı
0