Maltada "qırmızıya düşən" Qara
20.09.2022 - 12:14
Maltada "qırmızıya düşən"  Qara

Qara Qarayevin Azərbaycan milli komandasına çağırılmamağı böyük müzakirələrə səbəb olub.

Apasport.az saytı Millətlər Liqasının son iki matçı üçün heyətdən kənar qalan 30 yaşlı yarımmüdafiəçinin yığmadakı rolunu təqdim edir.

Qara 2013-cü il fevralın 1-də, Özbəkistanla yoldaşlıq matçında (0:0) millidə debüt edib. Onun yığmada son oyunu bu il iyunun 10-da Slovakiyaya qarşı (0:1) baş tutub.

“Qarabağ”ın futbolçusu bu müddətdə 77 matça çıxıb. O, milli tarixində 5-ci göstəricinin sahibidir.

Yarımmüdafiəçi 65 dəfə start heyətdə meydana çıxıb, 12 dəfə sonradan oyuna daxil olub. O, ilk “11-lik”də yer aldığı 13 qarşılaşmada əvəzlənib.

Qaralı 77 oyunda millimiz 16 qələbə qazanıb. 22 heç-heçə görən futbolçu 39 dəfə meydanı məğlubiyyət üzüntüsü ilə tərk edib.

Qarayev DÇ-lərin seçmə mərhələlərində 19, AVRO seçmə oyunlarında 18, Millətlər Liqasında 14 şans qazanıb. 51 rəsmi turnir matçında iştirak edən yarımmüdafiəçi 26 yoldaşlıq xarakterli qarşılaşmada forma geyinib.

Qaranı Slovakiya və Qazaxıstanla oyunlara çağırmayan italiyalı baş məşqçi Canni de Byazi özünün millidəki 26 oyunundan 20-də yarımmüdafiəçiyə güvənib. Bu qarşılaşmalarda 1506 dəqiqə meydanda olan futbolçu 18 dəfə start heyətdə yer alıb, bunların 4-də əvəzlənib. Bu ilin martında Maltada Latviyaya qarşı matçın 30-cu dəqiqəsində alınan qırmızı vərəqədən sonra hər şey dəyişib. Millətlər Liqasının 4 görüşündən ikisində şans qazanmayan, iki dəfə sonradan meydana çıxan yarımmüdafiəçi 50 dəqiqə oynayıb.

Qeyd edək ki, millidə qol hesabını açmayan futbolçunun istifadə olunmayan penaltisi, həmçinin 13 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıb.
 

writer photo
Əlirza Əlirzalı
0