Marandiçi: “Sabah”la oyuna strategiya hazırlamışdıq və o da işə yaradı” - MÜSAHİBƏ
22.02.2023 - 13:34
Marandiçi: “Sabah”la oyuna strategiya hazırlamışdıq və o da işə yaradı” - MÜSAHİBƏ

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçinin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın hesabat turunda “Sabah”ı məğlub etdiniz. Özünüz hesabın belə olacağını gözləyirdiniz?
- Açığı, bu qələbə böyük nəticə oldu. Çətin oyun alındı. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Ona görə də bu qələbə bütün klubun böyük əməyinin nəticəsidir.

- “Sabah” çempionluq uğrunda mübarizə aparır. Onları necə məğlub etdiniz?
- Bəli, “Sabah” bu mövsüm liqanın ən güclü komandalarından biridir. Çox güclü və mütəşəkkil bir komanda ilə qarşılaşacağımızı bilirdik. Biz bu oyuna strategiya hazırlamışdıq və o da işə yaradı.

- Artıq iki gün sonra “Turan Tovuz” “Zirə” ilə qarşılaşacaq. Rəqibiniz də turnir cədvəlinin medalçılar sırasındadır. Sizcə, evdə “Zirə”ni məğlub etmək mümkün olacaq? 
- “Zirə” də çempionatın güclü komandalarından biridir. Azərbaycan çempionatının bütün oyunları kimi bu görüş də çətin olacaq. Amma hər qarşılaşmada məqsədimiz qələbədir. “Zirə”ni də məğlub etməyə çalışacağıq.

- Artıq Azərbaycan çempionatının bir neçə oyununda iştirak etmisiniz. Azərbaycan Premyer Liqası haqda fikirləriniz necədir? Əvvəllər oynadığınız Bosniya və Herseqovina və Sloveniya çempionatlarından nə ilə fərqlənir?
- Azərbaycan çempionatının səviyyəsi kifayət qədər yüksəkdir və bütün komandalar çox keyfiyyətlidir. Asan rəqiblər yoxdur. Heç bir halda Azərbaycan Premyer Liqasının səviyyəsinin oynadığım digər liqalardan aşağı olduğunu düşünmürəm.

- Tovuzda həyatınız necədir? Gününü necə keçirirsən?
- Məşq edirik, boş vaxtlarımda isə fürsətdən istifadə edib dincəlirəm, kitab oxuyuram və ya komanda üzvləri ilə vaxt keçirməyə çalışıram. Burada xoşbəxtəm.

- “Turan Tovuz”a tramplin gözü ilə baxırsan? Azərbaycanda daha güclü klublardan hansındasa oynamaq istəyirsən? 
- Xeyr, ümumiyyətlə yox. Təbii ki, bütün futbolçular kimi mənim də öz ambisiyalarım, arzularım var. Lakin hazırda mən 100 faiz “Turan Tovuz” komandasına kömək etməyə fokuslanmışam və dediyim kimi burada çox xoşbəxtəm. Hazırda hipotetik transferlər haqqında düşünmürəm

- “Turan Tovuz” ölkə kubokunun yarımfinalında “Neftçi” ilə qarşılaşacaq. Səncə, kuboku qazanmaq mümkün olacaq?
- Kuboku qazanmaq üçün ilk öncə finala çıxmaq lazımdır. İndi yarımfinal oyunları haqqında düşünmək tezdir. Biz növbəti matç haqda düşünürük. Hazırda diqqətimizi “Zirə” oyununa yönəltmişik. Zamanı gələndə “Neftçi”yə qarşı yarımfinal matçları barədə də düşünəcəyik.

writer photo
Əlirza Əlirzalı
0