“Çətin stadionda vacib qələbə qazandıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Avropa Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos” üzərində səfər qələbəsi (3:0) barədə danışarkən deyib.
31 yaşlı monteneqrolu futbolçu Pireydəki görüşün ikinci hissəsinin onlar üçün daha uğurlu alındığını söyləyib: “İlk hissədəki şanslardan yararlana bilmədik. Ancaq ikinci hissədə rəqibin verdiyi boşluqlardan layiqincə istifadə etdik və qolları vurduq”.
Veşoviç qarşıdakı görüşlərdə də məqsədlərinin qələbə qazanmaq olacağını bildirib: “Hər gün məşqlərdə bütün gücümüzlə çalışırıq ki, oyunlar zamanı əlimizdən gələni edək, bacardığımız qədər çoxlu qol vuraq. “Olimpiakos”la matçda da əlimizə düşən şanslardan layiqincə istifadə etdik. Qalib gəldiyimiz üçün Tanrıya təşəkkür edirəm. Artıq qarşıdakı matçlara baxırıq. Həmin görüşlərdən də ən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiakos” arasında növbəti tur matçı oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.