Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirinin birinci gününə yekun vurulub.
Turnirin mətbuat xidmətindən apasport.az-a verilən xəbərə görə, turnirin ilk 3 günündə 10 şahmatçı rapid turnirində gücünü sınayacaq.
Birinci oyun günündə 3 turun oyunları keçirilib. İlk turda Azərbaycan təmsilçilərindən Rauf Məmmədov qalib gəlib. O, komanda yoldaşı Abdulla Qədimbəylidən üstün olub. Şəhriyar Məmmədyarov çinli Van Hao ilə heç-heçə edib. Abdulla Süleymanlı isə ABŞ təmsilçisi Semuel Şenkləndə uduzub. Hindistanlı Qukeş Dommaracu Rumıniya idmançısı Riçard Rapporta, Özbəkistan zəka sahibi Nadirbəu Əbdüsəttarov isə ispaniyalı Fransisko Valyexo Ponsa qalib gəlib.
II turda Məmmədov Dommaracuya, Pons Rapporta, Əbdüsəttarov Süleymanlıya, Hao isə Qədimbəyliyə qalib gəlib. Məmmədyarov isə Şenkləndlə heç-heçə edib.
Günün sonuncu turunda Məmmədov Hao, Qədimbəyli isə Şenkləndlə sülhə razılaşıb. Süleymanlı Rapporta, Məmmədyarov Əbdüsəttarova, Dommaracu isə Ponsa məğlub olub.
Hesabında 6 xal olan N.Əbdüsəttarov turnir cədvəlinə liderlik edir. R.Məmmədov 5 xalla ikincidir. S.Şenklənd, F.Pons və V.Hao 4 xalla 3-5-ci, R.Rapport, Ş.Məmmədyarov və Q.Dommaracu 2 xalla 6-8-ci yerləri bölüşürlər. A.Qədimbəyli 1 xalla 9-cu, xal qazana bilməyən A.Süleymanlı isə sonuncudur.
Sabah növbəti 3 turun oyunları keçiriləcək.