"Neftçi"dən ayrılaraq Səudiyyə Ərəbistanının "Ohod" klubuna keçən Sezar Meza Kollinin apasport.az saytına müsahibəsi
- "Neftçi"ni "Ohod"a dəyişdin. Təəssüratın necədir?
- Artıq komandanın məşqlərinə qoşulmuşam. Hər şey qaydasındadır. Yeni çağırışdır. Təklif gəldi və götür-qoy etdik, danışdıq, razılaşdıq. Çalışacam ki, yeni komandama kömək edim.
- "Neftçi"də ötən mövsüm birlikdə oynadığın Solomon Kverkveliya da Səudiyyə Ərəbistanına yollandı. Yəqin ki, xəbərdarsan?
- Səudiyyə Ərəbistanı çox rəqabətli liqaya çevrilir. Özünüz də görürsüz ki, bura nə qədər oyunçular gəlir. Solomona da ən yaxşısımı arzulayıram. Onunla birlikdə oynadım və gördüm ki, həqiqətən çox yaxşı futbolçudur.
- "Neftçi"də baş məşqçi postuna Adrian Mutu gətirildi. Onunla bağlı düşüncələrin necədir?
- Mutu haqda ancaq xoş sözlər deyə bilərəm. İtaliyada olanda, "Çezena"da onunla birlikdə oynamışıq. Bu mənada, onu yaxşı tanıyıram. Mutudan futbolçu və insan kimi çox şey öyrənmişəm. Ona "Neftçi"də böyük uğurlar arzulayıram. Əminəm ki, "Neftçi"ni yüksəklərə qaldıracaq, uğur əldə edəcək.
- Yeri gəlmişkən, sənin adı "Zirə" və "Sumqayıt" klubları ilə hallanırdı. Bu klublardan təklifin olmuşdu?
- Azərbaycanda olduğum dönəmdə həm özüm, həm də ailəm xoşbəxt idi. Buna görə hamıya təşəkkür edirəm. Bəli, Azərbaycan klublarından təklif gəlmişdi. Amma hiss etdim ki, artıq dəyişiklik etməliyəm. Ona görə də, sonda Səudiyyə Ərəbistanına gəldim.
- Baş məşqçin Zəkəriyyə Ramadani və köməkçisi Sedat Saini də "Qarabağ"da oynayıb. Onlarla Azərbaycan futbolu ilə bağlı söhbətiniz olub?
- Onlar ümumiyyətlə futbol və Azərbaycan haqqında çox şey bilirlər. İndi Misirdə mövsümöncəsi hazırlıqlara başlayırıq. Bir-birimizlə tanış olub çempionatın startına hazırlaşırıq.