Millətlər kubokunda 4 boksçumuz növbəti mərhələdə
12.08.2022 - 15:23
Millətlər kubokunda 4 boksçumuz növbəti mərhələdə

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kubokuna start verilib. 

Apasport.az saytının məlumatına görə, 6-cı dəfə təşkil olunan yarışın ilk günündə Azərbaycan yığmasının 6 idmançısı rinqə çıxıb. 

46 kq çəki dərəcəsində qüvvəsini sınayan Bilal Nəzərov 1/4 final mərhələsi çərçivəsində Nikola Maksimoviçlə (Serbiya) qarşılaşıb. Boksçumuz rəqibinə 5:0 (30:26, 29:26, 30:27, 30:27, 30:25) hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Artıq özü üçün bürünc medalı təmin edən Nəzərov ikinci qarşılaşmasında çexiyalı Maksimillian Plaçetka ilə üz-üzə gələcək. 

Məhəmmədəli Aşırəliyevin (54 kq) də debütü uğurlu alınıb. O, 1/8 finalda Simon Qloriosodan (İtaliya) güclü olub – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). Aşırəliyev növbəti döyüşündə rumıniyalı Dani Qriqorini sınağa çəkəcək. 

Məhəmmədəli Qasımzadə (57 kq) də 1/8 finalda italiyalı boksçu ilə gücünü yoxlayıb. Təmsilçimiz Tisiano Alkiatini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:26) hesabı ilə məğlub edib. Qasımzadə 1/4 finalda Frank Daniellə (Macarıstan) münasibətinə aydınlıq gətirəcək. 

Məhəmməd Quliyev (63 kq) startda bolqarıstanlı Asen Asenovla döyüşüb. 1/8 final çərçivəsində baş tutan gərgin döyüş həmyerlimizin 3:2 (30:27, 27:30, 29:28, 29:28, 28:29) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Qazaxıstan idmançısı Oner Seyilxanla qüvvəsini sınayacaq.  

Digər boksçularımızdan Ziya Həsənov (66 kq) Françesko Savaresə (İtaliya), Ayxan Əliyev (70 kq) Radu Simyona (Rumıniya) uduzub. 

Qeyd edək ki, yığmamız yarışa 9 boksçu ilə yollanıb. Millətlər kubokunda qaliblərin adları avqustun 14-də bəlli olacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0