Millimiz tarix yazmağın ASTANASINDA
24.09.2022 - 15:01
Millimiz tarix yazmağın ASTANASINDA

Azərbaycan millisi sabah Qazaxıstanla qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının C liqasında mübarizə aparan yığmamız 3-cü qrupda son oyununu keçirəcək.

Bu görüş yığmamızın tarixi rekorda imza atması ilə nəticələnə bilər. Canni de Byazinin yetirmələri qalib gəlsə, 30 illik tarixinin qrupdakı ən yaxşı nəticəsini göstərəcək.

Hazırda millinin 5 oyundan sonra 7 xalı var. Qrup qalibi üzərində qələbə bu rəqəmi 10-a çatdıracaq.

1994-cü ildən dünya və Avropa çempionatlarının seçmə mərhələləri, həmçinin Millətlər Liqasında mübarizə aparan yığmamız üçün 10 xal rekord göstəricidir. Millimiz buna DÇ-2018-in seçmə mərhələsində imza atıb.

Həmin vaxt 10 görüşdə 10 xal toplayan yığma mənfi top fərqinə sahib olub – 10-19. Bu dəfə 6 matça 10 xal toplamaq imkanı olan komanda bunu bacarsa, top fərqi müsbət olacaq. Çünki indi bu rəqəmlər 4-4-dür. Bir sözlə, qələbə tarixin ən yaxşı nəticəsini rəsmiləşdirəcək.

Təbii ki, rekordu hesaba almaq üçün iki məqam diqqət çəkir. İlk növbədə, seçmə mərhələlərdə daha güclü rəqiblərin olduğu iddiası ortaya atıla bilər. Bu da haqlı iddiadır.

Amma Millətlər Liqasında seçmə mərhələdəki kimi 10 deyil, 6 matç keçirilir. Bu əskik olan 4 qarşılaşma isə seçmə mərhələnin ilk iki səbətdən ola biləcək rəqiblərinin payı kimi qəbul edilməlidir.

Bir sözlə, iki güclü ilə 4 görüşdə xal almaq ehtimalının minimuma yaxın olduğunu nəzərə alsaq, elə Millətlər Liqasındakı 10 xalla seçmə mərhələdəki eyni nəticənin ciddi fərqi yoxdur.

Müqayisənin daha real, konkret olması üçün son tsikli – DÇ-2022-ni götürək. Slovakiya 2-ci, Belarus 4-cü, Qazaxıstan yığmamız 5-ci səbətdə idi. 

Xəyalı qrupda 1-2-ci səbətdən gələcək rəqiblərə şərti olaraq 4 dəfə uduzsaq prinsipini əsas götürsək, 3, 4 və 6-cı səbətdən olan rəqiblərlə qarşılaşmalı idi - Slovakiya və Qazaxıstanın əvəzinə, daha aşağı səbətdən komanda ilə. Yəni millimizin indiki qrupa, xəyali “altılıq”dan daha güclüdür. Bu da o deməkdir ki, Qazaxıstanı udmaqla milli tarixinin ən yaxşı nəticəsini rəsmiləşəcək.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan matçı saat 20:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0