Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız Estoniya ilə görüşdə qüvvəsini sınayacaq.
Tallindəki matç komandamızın tarixində 292-ci sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 291 matça çıxıb.
Bu müddətdə 57 qələbə və 77 heç-heçəyə nail olan yığma 157 dəfə uduzub. Əvvəlki 291 qarşılaşmada 221 qol vuran futbolçularımız 482 top buraxıb.
“Le Kok Arena”dakı sınaq baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 36-cı sınaq olacaq. İtaliyalı mütəxəssis indiyədək yığmanı 35 matça çıxarıb. Bu görüşlərdə 8 qələbə və 8 heç-heçəsi olan millimiz 19 dəfə uduzub. 29 qol vuran komanda 50 top buraxıb.
Bu, italiyalı ilə rəsmi xarakterli 25-ci sınaq olacaq. Hesabında 4 qələbə, 6 heç-heçə və 14 məğlubiyyəti olan yığmamız 16 qol vurub, 37-ni buraxıb.
Estoniya ilə duel rəsmi turnirlərdə 157-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 156 oyuna çıxan komanda indiyədək 19 qələbə qazanıb, 33 heç-heçə edib, 104 dəfə isə uduzub. Millimiz qalib gəlsə, yubiley – 20-ci uğurunu əldə edəcək. Rəqib qapılarına 93 qol vuran futbolçularımız 312 top buraxıb.
Bu, Avropa çempionatlarının seçmə mərhələlərində 73-cü görüşdür. Əvvəlki 72 oyunda 6 qələbə, 11 heç-heçə və 55 məğlubiyyət qeydə alınıb. Top fərqi 43-176-dır.
Qeyd edək ki, AVRO-2024-ün Estoniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.