Millimizin futbolçusu: “Ukrayna mənə daha yaxındır”
06.07.2022 - 15:08
Millimizin futbolçusu: “Ukrayna mənə daha yaxındır”

“Azərbaycan çempionatı ilə müqayisədə Ukrayna Premyer Liqası daha gərgin keçir. Azərbaycanda texnikaya diqqət yetirilir, bütün komandalar daha çox topla oynamağı xoşlayır”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın yeni transferi Anatoli Nuriyev Ukraynanın “FanDay” nəşrinə müsahibəsində deyib.

Azərbaycan millisinin yarımmüdafiəçisi gələcəkdə Ukrayna yığmasına qol vuracağı təqdirdə, bunu qeyd edəcəyini söyləyib: “Ukrayna klubları “Minay” və “Kolos”a nə vaxtsa qol vursam, təbii ki, sevinmərəm. Amma digər klubların, eləcə də Ukrayna millisinin qapısından top keçirsəm, yəqin ki, bunu qeyd edəcəyəm”.

“Özünüzü daha çox ukraynalı, yoxsa azərbaycanlı kimi hiss edirsiniz”, sualını 26 yaşlı pleymeyker bu cür cavablandırıb: “Çətin sualdır. Heç kimin xətrinə dəymək istəmirəm. Təbii ki, Ukrayna mənə daha yaxındır. Bu təəccüblü deyil, çünki orada doğulmuşam, 25 il yaşamışam. Ancaq beynəlxalq arenada çıxış etmək imkanına görə Azərbaycana minnətdaram. Elə futbolçu yoxdur ki, bunu arzulamasın. Mənim babam azərbaycanlı olub, ona görə də bu ölkənin millisində çıxış etməyimin anlamı var”.

Qeyd edək ki, Anatoli Nuriyev yay fasiləsində “Sumqayıt”dan keçdiyi “Sabah”la 3 illik müqavilə imzalayıb. O, ötən ildən Azərbaycan millisində çıxış edir.
 

writer photo
Əlirza Əlirzalı
0