“Portuqaliya getməzdən əvvəl Belçikaya yollanmaq istəyirdim. Ancaq Portuqaliya variantı ortaya çıxdı, mən də razılaşdım”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin və Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.
2016-2017-ci illərdə “Boavişta”nın formasını geyinən 30 yaşlı yarımmüdafiəçi Rusiya mətbuatına müsahibəsində həmin dönəmi yada salıb. Mahmudov Portuqaliyaya yollandıqdan sonra arzuladığı mənzərəni görmədiyini söyləyib: “Düşünürdüm ki, Portuqaliya çempionatı İspaniya kimidir. Çünki o cür futbolu sevirəm. Ancaq fərqli olduğu ortaya çıxdı. Portuqaliyada o qədər də çox taktika yoxdur: pressinq – hücum – pressinq – əks-hücum. Topa nəzarət və tiki-taka yoxdur. Bəlkə indi fərqlidir, çünki daha çox pul var”.
Mahmudov Portuqaliyada kiçik klubların həvəskar şəkildə idarə olunduğunu vurğulayıb: “Təşkilatçılıqla bağlı başqa çətinlik var: təlim bazası yoxdur, daim yeni sahələr. Bir gün bir yerdə məşq edirdik, ertəsi başqa sahədə. Onları görsəydiniz, deyərdiniz ki, bura həvəskarlar liqasıdır. Kiçik komandaların böyük problemləri var. İndi yaxşılaşır, amma o vaxt belə idi”.
2012-ci ildə icarə əsasında qısa müddət “Tom”un formasını geyinən yarımmüdafiəçi bu komandanı “Boavişta” ilə müqayisə edib: “Tom”da vəziyyət daha pisdir. “Boavişta”da gördüm ki, orada İspaniyadakı kimi oynamırlar. Amma “Tom”la müqayisədə ora Barselonadır. “Tom”da, ümumiyyətlə, futbol yox idi. Portuqaliyada yaxşı futbol bazarı var. Bir mövsümdə gəldim, növbəti mövsümün əvvəlində getdim. Təlim-məşq toplanışında 15 yeni futbolçu gördüm. Hamını yenidən tanımalı oldum. Amma bundan pul qazanırlar. Bütün Avropa Portuqaliyanı izləyir. Ancaq orada pul azdır. Rusiyadan heç kim ora getməz. Bir çox komandada ayda 20 min dollarlıq maaş maksimumdur. İlk “beşliy”ə düşənlər yalnız 30 min verə bilirlər. Hətta Portuqaliyada mənə dedilər ki, bura niyə gəlmisən, ağlını itirmisən? Çünki hamısı Rusiyaya getmək istəyirdi. İzah etdim ki, özümü Avropada sınamaq, orada necə yaşadıqlarını görmək istəyirəm”.
Futbolçu Portuqaliyada yaşamağın Rusiya ilə müqayisədə daha rahat olduğunu düşünür: “Portuqaliyada futbolçu üçün xüsusi bir şey yoxdur. Mən bir insan kimi Avropada həyatı gördüm, orada başqa cürdür. Portuqaliyada uşaqla küçəyə çıxdıq, yoldan keçənlər onunla oynamağa, danışmağa başladılar. Bunu Moskvada təsəvvür etmək mümkün deyil. Moskvada salam verməyə çalışdım, mənimlə danışmaq istəmədilər. Portuqaliyada insanlar daha mehribandır. Bu o demək deyil ki, Rusiyada insanlar pisdir. Sadəcə, Rusiyada daha qapalı təfəkkür var”.