Millimizin oyunçusu: “Ən azı martadək zirvədəki yerimizi qoruyacağıq”
08.10.2022 - 23:24
Millimizin oyunçusu: “Ən azı martadək zirvədəki yerimizi qoruyacağıq”

“Hamını təbrik edirəm. Qələbə qazandığımıza görə sevinirəm”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Amadeu deyib.

Azfutzal.az-a açıqlama verən müdafiəçi dünya çempionatının seçmə mərhələsinin Polşa ilə oyunu barədə fikirlərini bölüşüb: “Çox çətin oyun oldu. Rəqibimiz də sona qədər mübarizədən qopmadı, təslim olmaq istəmirdi. Nəticədə ağır, gərgin qarşılaşma izlədik. Komanda yoldaşlarım meydanda gücləri çatdığı qədər mübarizə apardılar. Yekunda əməyimizin mükafatı olaraq qələbə qazandıq”.

Amadeu yığmamıza qayıdışına da münasibət bildirib: “Üç ildən sonra Azərbaycan millisinə dəvət aldığıma görə şadam. Bu formanı fəxrlə geyinirəm. Hazırda karyeramı Braziliyada davam etdirirəm. Klubumda daim oynayıram, yaxşı forma yığmışam. Ona görə də işimi orada davam etdirməkdən məmnunam. Amma hər zaman baş məşqçinin milli üçün çağırışına da hazıram. Yığmanın bütün oyunlarında iştirak etməyi çox istəyirəm. Əlbəttə, məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır. Dünənki oyun və əzmkarlıq göstərdi ki, bunun öhdəsindən gələ bilərik”.

Braziliyalı futzalçı növbəti oyuna da toxunub: “Yunanıstana qarşı komanda yoldaşlarım mübarizə aparıb. Düzdür, hər iki oyunda qələbə qazanmışıq. Ancaq bu işimizi asanlaşdırmır, əksinə daha məsuliyyətli olmalı, arxayınlığa yol verməməliyik. İnanıram ki, Afina səfərini də 3 xalla başa vuracağıq və ən azı marta qədər zirvədəki yerimizi qoruyacağıq”.
 

writer photo
Əlirza Əlirzalı
0