"Matça hazır idik. Oyuna da yaxşı başladıq. Uşaqlar məsuliyyət hiss edirdilər. Basketbolçularımızın çoxu birinci dəfə Ermənistanla üz-üzə gəlirdi".
Apasport.az xəbər verir ki, bunu basketbolçu oğlanlardan ibarət Azərbaycanın U-18 millisinin baş məşqçisi Anar Sarıyev deyib.
Gənc mütəxəssis Avropa çempionatında C divizionunda Ermənistan üzərində 76:69 hesablı qələbəni şərh edib. O bildirib ki, həyəcan qələbənin daha böyükhesablı olmasının qarşısını alıb: "Onlarla söhbət edib, hər şeyi başa saldıq. Rəqiblə artıq şəxsi rəqabət aparmadığımızı, qalib ölkə olduğumuzu bütün dünyaya göstərdiyimizi dedim. Sırf idmançı kimi mübarizə aparmağı tapşırdıq. Nəticədə də görüşü qələbə ilə bitirdik".
Sarıyev millinin finala yüksəlmək üçün mübarizə aparacağını da deyib: "Yarımfinalda bizi Albaniya ilə oyun gözləyir. Rəqibin oyunlarının videolarına baxıb, statistikalarına nəzər salacağıq. Öncədən danışmağı heç sevmirəm. Amma əlimizdən gələni edəcəyik ki, Albaniyana qalib gələk və finala yüksələk".
Qeyd edək ki, Azərbaycan – Albaniya görüşü sabah saat 20:00-da keçiriləcək.