“Bundan əvvəl işlədiyim Yunanıstanla Azərbaycan futbolu müqayisəedilməzdir. Yunanıstan futbolu çox yüksəkdir və Avropa səviyyəsində olan ölkədir. Azarkeşlər fanatikdirlər, 5-6 güclü klubları var: “Olimpiakos”, PAOK, AEK, “Panatinaikos”, həmçinin “Aris”.
Apasport.az saytının məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Miloş Velebit deyib.
Serbiya mətbuatına müsahibə verən mütəxəssis Azərbaycanda futbola böyük maraq olmadığını söyləyib: “Ötən il Premyer Liqada 8 klub var idi, növbəti mövsümdən isə 10 komanda yarışacaq. Həmçinin bir liqa da var ki, orada 5 klub çıxış edir. Futbola o qədər də maraq göstərən ölkə deyil. Fərdi idman növləri ön plandadır ki, bu sahədə, həqiqətən də, qibtə olunası nəticələri var. Xüsusən də, böyük ənənələri olan boks və güləş kimi döyüş növlərdə. İnsanlar futbolu sevirlər, lakin Serbiyadakı və ya Yunanıstandakı qədər maraqlanmırlar”.
Qeyd edək ki, Miloş Velebit 2018-ci ildən ölkəmizdə çalışır.