AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XIV turunda baş verənlər müzakirə olunub.
“Şamaxı” – “Sumqayıt” oyununda qonaqların futbolçusu Vüsal İsgəndərli matçdan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırdığına görə 1 oyun cəzalanıb. O, klubunu 2400 manat cəriməyə məruz qoyub. Stadiona dəymiş ziyan da "Sumqayıt" tərəfindən tam ödəniləcək.
“Neftçi” – “Qəbələ” görüşündə 4 oyunçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə edilib. Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 1600 manat xərcə düşüb.
“Kəpəz” – “Turan Tovuz” matçı bitdikdən sonra da meydançaya kənar şəxslər daxil olub. “Kəpəz” 1600 manat cərimələnib. 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün qonaqlar 800 manat cərimə ödəyəcək.
“Sabah” – “Qarabağ” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün Bakı klubu 1600 manat cərimə olunub. “Qarabağ” azarkeşləri tərəfindən 54 ədəd oturacağın sıradan çıxarılmasına görə dəymiş ziyan Ağdam klubu tərəfindən stadiona tam ödəniləcək.