Misli Premyer Liqasının XVI turunun açılış matçında "Sumqayıt" doğma meydanda "Qarabağ"a 1:6 hesabı ilə məğlub oldu.
Apapsort.az xəbər verir ki, oyundan sonra gənclik təmsilçisinin məşqçisi Mübariz Orucovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Mütəxəssis əvcəlcə oyun haqqında fikirlərini bildirib. Daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Zədəlilərimiz oldu. Bəzi oyunçular yad mövqelərdə oynayırlar. Bu sarıdan çətinliklərimiz var. Növbəti iki oyunda toparlanıb, əlimizdən gələni edəcəyik".
-Qurban Qurbanov bildirdi ki, öz oyun stilinə sadiq qaldı, 3:0 ollanda da irəli getməkdən əl çəkmədi. Bu cür rəqibə qarşı bir az qapalı oynamaq olmazdı?
-Bizim öz futbolumuz var. İstəyirik ki, göz oxşayan futbol oynayaq, azarkeşlərimiz üçün gözəl futbol olsun. Qapanmaq məğlubiyyətdən qaçmaq deyil. Doğru futbol oynamaq istəyirik. Düzdür, hesab böyük oldu. Amma bu o demək deyil ki, qapansaydıq hesab kiçik olacaqdı.
- Mossi orta sahədə çempionatın ən yaxşılarındandır. Amma bu gün müdafiənin mərkəzində oynadı. Bu, böyükhesablı məğlubiyyətə nə dərəcədə təsir etdi?
- Yad mövqedə oynayırdı. Amma tək onun üzərinə də atmaq olmaz. Müdafiədə çaşqınlığın yaranmasına səbəb ola bilərdi. Bəlkə də, o mövqedə ilk dəfədir oynayırdı. Bəzi qollarda onun səhvləri var idi. Amma onu qınayası da deyilik. Məcburiyyətdən onu orada oynatdıq. Start heyət düzəltməyə futbolçumuz yoxdur. Çətin dönəmdəyik. Zədəlilərimiz çoxdur.
-Əvəzedici heyətdən və yaxud da U-19 heyətindən əsas komandaya cəlb edəcəyiniz oyunçu yoxdur?
Futbolçular var. Bu gün də ikinci hissədə gənclərə şans verdik. Amma elə mövqe var ki, oranı əvəz edəcək oyunçu əvəzedici heyətdə də yoxdur. Həssas mövqelər var ki, ora üçün akademiyada da oyunçu yoxdur.
-Komanda psixoloji cəhətdən özünə gələ biləcək?
Allah qoysa, bu durumdan komandanı çıxaracağıq. Fasiləyə qədər son iki oyun vacibdir. Komanda toparlanıb, lazım olan nəticəni əldə edəcək.