Murad Musayev: "Azərbaycan futbolunda bəzi şeylər dəyişməlidir"
24.11.2023 - 23:01
Murad Musayev: "Azərbaycan futbolunda bəzi şeylər dəyişməlidir"

Bu gün Misli Premyer Liqasının XIV turunun "Sabah" - "Qarabağ" oyunundan (1:2) sonra meydan sahiblərinin məşqçisi Murad Musayevin iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Apasport.az xəbər verir ki, rusiyalı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini söyləyib.

- Bu gün parlaq oyun gördük. Hər iki komanda hücum futbolu oynadı. "Qarabağ"a qarşı belə səhvlər etməli deyilsən, iki asan qol buraxmamalısan. Matçdan sonra futbolçularımın əlini sıxdım, onlar bacardıqlarını etdilər. Lakin nəticə pis oldu. 

-  Oyunun qırılma anı qaçırılan penalti idi? 

- Əlbəttə, önəmli an idi. Qol vursaydıq, fərqli ola bilərdi. Rəqib hücuma çıxacaqdı və arxada boşluqlar olacaqdı. Qırılma anı olduğunu deyə bilmərəm, amma vacib epizod idi.

-  Kapitanınız Elvin Camalov nə üçün oynamadı?

- Aleksey İsayev və Kristian Silva daha yaxşı formadadır. Elvin millidən gəlib və oynamayıb. Praktikası az idi. Aleksey isə iki oyunda meydana çıxdı. Kristian da iki həftədir, yaxşı formadadır.

- Nicat Mehbalıyevin oyunu haqda fikirləriniz nədir?

- Nicata iradım yoxdur. O, çox yaxşı çıxış etdi. Komandanı önəmli anlarda qoldan xilas etdi. 

- Ceyhun Nuriyevi nə vaxt komandaya qaytaracaqsız?

- Hələ bir şey deyə bilmərəm.

- Volkov daha əvvəl sağ cinahda oynayırdı. Fasilədən sonra onu əvəzlədiniz. Bu, nə ilə bağlıdır?

- Səhhəti ilə bağlı əvəzlədik.

- Millinin baş məşqçi postu boşdur. Özünüzü bu yerə namizəd görürsüz?

- Hazırda "Sabah"ın baş məşqçisiyəm. Burda olmasaydım, mənim üçün millidə işləmək şərəf olardı. Azərbaycanda yaxşı futbolçular var və onlara uğurlar arzu edirəm. Hazırda bütün diqqətim "Sabah"dadır.

- "Zenit"in baş məşqçisi Sergey Semak "Neftçi" ilə oyundan sonra komandanınızın uğursuz çıxışı haqda sualı cavablandıranda "Murad Musayevin işini mövsümün sonunda görərsiniz" dedi. Sizcə, nə söyləmək istəyirdi? 

- Ondan soruşmaq lazımdır. Onların yanında təcrübədə olmuşam. Yəqin, turnir cədvəlində yaxşı yerlərdə olacağımızı demək istəyib. 

- Xarakterinizə görə tənqid olunsaz da, baş məşqçi kimi təqdirəlayiq biri kimi təqdim olunursuz. Sizi Azərbaycan yığmasında görmək istəyənlər var. AFFA da bildirib ki, namizədlər yerli və ya əcnəbi ola bilər... 

- Təklif olsa, müzakirə apara bilərik. Lakin indi heç nə yoxdur.

- Maraqlı oyun alındı, elə deyilmi?

"Qarabağ" bir müddət əvvəl "Bayer"lə oynadı. Yaxşı mübarizə apardılar, yaxşı futbol oynadılar. Vaxt aparmadılar, mübarizə apardılar. Azərbaycan futbolunda bəzi şeylər dəyişməlidir. Oyunların sürəti artmalıdır. Matçlarda fasilələr minimuma endirilməlidir. Bəzən oyunlarda öndə olan komanda başlayır vaxt aparmağa - simulyasiya edir, qapıçı yerdə qalır. Belə şeylər olmamalıdır.

writer photo
Əlirza Əlirzalı
0