“Qəbələ”nin futbolçusu Murad Musayevin apasport.az saytına müsahibəsi
- "Qəbələ" 2023-cü ili qələbə ilə başa vura bildi. “Sabah”la görüşdə necə qələbə qazandız?
- İlin son oyunu olduğu üçün qələbə çox vacib idi. Bunu edə bildik və buna görə də çox sevincliyik. Bu oyunda nə olursa-olsun qalib gəlməliydik. Psixoloji cəhətdən istirahətə az da olsa, yaxşı yollanmaq üçün qələbə vacib idi. “Sabah” çox yaxşı komandadır. Bunu başa düşürdük. Oyuna çox yaxşı hazırlaşmışdıq və buna görə də qalib gələ bildik.
- Komanda bu mövsüm çempionatda olduqca uğursuz çıxış edirdi, sonuncu pillədə qərarlaşmışdı. Buna səbəb olan nə idi? Sizcə, komanda niyə uduzurdu?
- Bəli, ilk turlarda bir az zəif çıxış etdik. Sonradan isə yaxşı oyunlar keçirdik. Ancaq bunu nəticəyə çevirə bilmirdik. Bəxtimiz də gətirmirdi. Halbuki, biz yaxşı futbol oynayırdıq.
- "Sabah"la oyundan bir gün əvvəlki məşqə klubun prezidenti Fariz Nəcəfov da gəlmişdi. Onun gəlişi "Sabah"la oyun üçün yaxşı motivasiya oldu?
- Fariz müəllim bizə həmişə dəstək olub, həmişə də onu yanımızda hiss etmişik. Həmişə də bizə inandığını söyləyib. Elə “Sabah”la matçdan əvvəl də inandığını və mütləq qalib gəlməli olduğumuzu bildirdi. Şükür Allaha biz də qələbə qazandıq.
- Oyundakı yeganə qolu özünüz vurdun. Həmin qolu necə şərh edərdiz? Sanki "Sabah"ın qapıçısı topu dəf edəcəkdi, amma sonda top qəribə şəkildə tora daxil oldu...
- Həmin anda çətin vəziyyətdəydim. Topa başla vurdum və rəqib oyunçuya da təmas oldu. Top da dirəyin düz dibinə getdi. Əsas odur ki, top qapıya daxil oldu və komandam qalib gəldi.
- “Qəbələ” bu ili turnir cədvəlində sonuncu pillədə başa vurdu. Ümumiyyətlə, bu sizin üçün nə dərəcədə üzücü məqamdır? Yəqin ki, mövsümün əvvəlində ili bu pillədə başa vuracağınız ağlınıza da gəlməzdi?
- Həqiqətən belə olacağını, sonuncu pillədə yer alacağımızı heç gözləmirdik. Çünki “Qəbələ” həmişə yuxarı pillələr uğrunda oynayan komanda olub. Bu mövsüm bəzi şeylər biz istəyən kimi getmədi və heç düşünmədiyimiz nəticə qeydə alındı. Hər bir halda, heç bir futbolçu istəməz ki, komandası sonuncu pillədə qərarlaşsın. Çalışmaq və yuxarı yerlər üçün mübarizə aparmaq lazımdır.
- Ötən mövsüm kubokun sahibi olan komanda indi sonuncu pillədədirsə, səbəb nədədir? Sizcə, ötən mövsümdəki heyətiniz indikindən daha güclü idi?
- Həmin vaxtı bizdə 2-3 ilin komandası qurulmuşdu və heyət tam şəkildə oturuşmuşdu. Hamı bir-birini çox yaxşı başa düşürdü. Bu il isə çox oyunçu gəldi və bir az uyğunlaşma problemi yaşadıq. Amma yaxşı olacağına inanırıq. Hər bir futbolçu öz oyununu maksimum həddə çatdıracaq və nəticələr də o zaman gələcək.
- Ümumiyyətlə, qışdan sonra "Qəbələ"nin vəziyyətinin düzələcəyi, turnir cədvəlində yüksələcəyi mümkündür?
- Qış fasiləsi bizim üçün faydalı olacaq. Buna çox inanıram. Bəzi şeyləri düzəldib, mübarizə başlayacağıq. Təbii ki, düşüncəmiz hər oyuna çox ciddi çıxıb, qalib gələrək ən yaxşını etməkdir. Çox çalışmalıyıq. Hər birimiz məsuliyyəti üstümüzə götürməli və mübarizə aparmalıyıq ki, yuxarı pillələrə qalxaq.