“Fransa millisi ilə dünya çempionatına getmək üçün “Nant”ın heyətində yaxşı çıxış etməliyəm, eyni zamanda klub uğurlu nəticələr qazanmalıdır”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Nant”ın qapıçısı Alban Lyafon deyib.
İlk dəfə Fransa yığmasına çağırılan 23 yaşlı qolkiper Avropa Liqasının II turunda “Qarabağ”a Bakıda böyük hesabla məğlub olduqları matçı unutmayıb: “Çempionatda “Loryen” (2:3), Avropa Liqasında isə “Qarabağ”la (0:3) görüşlərdə çox qol buraxdıq. Bu, müəyyən passivlikdən irəli gəlirdi. Bəzi aparıcı müdafiəçilərimiz yox idi. Belə olanda, şübhəsiz ki, qol buraxacağıq. Hər şey ilk növbədə məndən başlayır. Çünki müdafiə xəttinə daha çox kömək etməliyəm. Əsas odur ki, bu oyunlarda harada səhv etdiyimizi bilirik. Mövsüm ev oyunlarından ibarət deyil. Səfər matçlarında da qələbə qazanmağı bacarmalıyıq”.
Qeyd edək ki, “Nant” qrupda növbəti oyununu oktyabrın 6-da səfərdə “Frayburq”a qarşı keçirəcək. “Qarabağ” isə həmin gün “Olimpiakos”un qonağı olacaq.