“Menecerim iki il idi “Napoli” ilə danışıq aparırdı. Neapollular dünyanın ən vacib komandalarından biridir və burada olmaqdan xoşbəxtəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Napoli”nin yeni transferi Xviça Kvaratsxeliya İtaliya mətbuatına açıqlamasında deyib.
Yay fasiləsində Batumi “Dinamo”sundan 10 milyon avroya İtaliya klubuna keçən 21 yaşlı gürcüstanlı hücumçu futbola gəliş səbəbinin atası Badri Kvaratsxeliya olmadığını söyləyib. O, vaxtilə Azərbaycan millisinin formasını geyinmiş atasının da yaxşı futbol oynadığını bildirib: “Atam Azərbaycanda çox yaxşı futbolçu idi. Amma o futbolçu olduğu üçün bu peşəni seçmədim. Öz istəyimlə futbola getdim, məşqlərə başladım. Heç kimin mənə futbolçu olmağımı deməsinə ehtiyacım yox idi”.
Qeyd edək ki, Badri Kvaratsxeliya ölkəmizdə “Kəpəz” və “Şəmkir”in formasını geyinib. O, eyni zamanda 2000-ci ildə Azərbaycan millisinin heyətində 3 oyun keçirib.