"Avropada 5-ci oldum. Ölkənizi dünya arenasında təmsil etmək böyük şərəfdir. İlk öncə dəstəyə görə hər kəsə dərin təşəkkürümü bildirmək istəyirəm. Xüsusən də hər zaman yanımda olduqları üçün ailəmə və sevgilimə. Məşqçimə təşəkkür etmək istəyirəm. Mənim necə uğur qazanmağımı istədiyini bilirəm. Amma yalnız 5-ci ola bildim".
Apasport.az-ın xəbərinə görə, bunu azərbaycanlı atlet Nazim Babayev deyib.
Türkiyənin İstanbul şəhərində qapalı manejdə keçirilən atletika üzrə Avropa çempionatında Nazim Babayev final mərhələsində 16.50 metr məsafəyə tullanmaqla 5-ci olub.
2019-cu ildə Böyük Britaniyanın Qlazqo şəhərində Avropa çempionu olmuş 29 yaşlı Nazim Babayev dəyişiklik etməyin zamanı gəldiyini bildirib: "İllər boyu sonsuz zədələr və məyusluqlardan sonra bu gün yalnız irəliyə baxıram və başımı dik tuturam. Amma bilirəm ki, müəyyən bir dəyişiklik etmək lazımdır. Və ölkəmizin rifahı üçün işləməyə davam etməliyəm. Dəstəyi üçün Azərbaycan Atletika Federasiyasına təşəkkür edirəm".
Qeyd edək ki, 1-ci yeri 17.60 nəticə ilə Kuba əsilli Olimpiya, dünya və Avropa çempionu Pedro Piçardo (Portuqaliya) tutub. Gümüş medal Nikolaos Andrikopulosa (Yunanıstan) və bürünc medal Maks Hessə (Almaniya) qismət olub. Onlar müvafiq olaraq 16.58 və 16.57 nəticə göstərib.