Nazim Əliyev: "Qarabağ" növbəti qələbə ilə tarix yazacaq" - Müsahibə
22.02.2024 - 16:19
Nazim Əliyev: "Qarabağ" növbəti qələbə ilə tarix yazacaq" - Müsahibə

"Qarabağ”da həm futbolçu, həm də məşqçi kimi çalışan, Azərbaycan çempionatları tarixinin ən yaxşı bombardiri Nazim Əliyev apasport.az saytına müsahibə verib. O, Ağdam klubunun bu gün Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı cavab görüşü barədə danışıb.

- "Qarabağ" bu gün "Braqa"ya qarşı cavab matçına çıxacaq. Portuqaliyadakı 4:2 hesablı qələbə cavab oyunu öncəsi "Qarabağ" böyük üstünlük verir. Siz, "Qarabağ"ın cavab görüşündə hansı nəticəyə imza atacağını ehtimal edirsiniz?
- "Qarabağ"ın "Braqa"ya qarşı oyununu çox bəyəndim. Əslində, çətin səfər olsa da, "Qarabağ"ın Portuqaliyada rəqibinə uduzmayacağını ehtimal edirdim. Amma komandamız çox yaxşı hesabla, hətta qələbə də qazandı. "Qarabağ" bu görüşdə "Braqa"nı üstələdi və layiqli qələbə qazandı. 

- Ümumiyyətlə, Ağdam klubunun Portuqaliyadakı qələbəsi sizin üçün nə dərəcədə təəccüblü oldu? Yoxsa, ehtimal edirdiniz ki, "Qarabağ" Portuqaliyada qələbə qazana bilər?
- "Qarabağ"ın uzun illərdir avrokuboklarda təcrübəsi var. Doğrudur, "Braqa" da ağır rəqibdir. Bu mövsüm ÇL-də "Real", "Napoli" kimi komandalarla oynamışdı. Asan olmayacağı dəqiq idi. Portuqaliyada qalib gəlmək çox önəmli idi. Bunu "Qarabağ" bacardı. Həqiqətən də, çox xoş oldu. "Qarabağ" öz oyunu ilə sübut etdi ki, qələbəyə layiqdir. Təsadüfi bir şey deyildi. "Qarabağ" oyunu ilə rəqiblərini çətinliyə sala bilir.

- Faiz etibarı ilə "Qarabağ"ın növbəti mərhələyə çıxmaq şansı nə qədərdir? İlk oyundakı qələbəyə görə daha çoxdur, yoxsa istənilən halda, yenə 50/50-dir?
- Təbii ki, ilk oyundakı qələbə cavab oyunu öncəsi hansısa üstünlük verir. "Qarabağ" növbəti mərhələyə daha yaxındır. Amma unutmaq olmaz ki, qarşımızda çox ciddi rəqib var. Asan olmayacaq. "Qarabağ"ın bu üstünlüyü əldən verəcəyinə inanmıram. Məncə, komandamız uğurlu nəticə qazana biləcək.

- "Qarabağ"ın Bakıda rəqibinə öz futbolunu diqtə edəcəyinə inanırsınız? Yəni, bunu bacara biləcəklər, yoxsa "Braqa" cavab görüşünə ilk matçla müqayisədə daha ciddi və daha inamlı çıxacaq?
- Təbii ki, "Braqa" Bakıya uğurlu nəticə ardınca gəlib. Çünki onlar da böyük komandadır, iddialıdır. Lakin "Qarabağ" Portuqaliyada oyunu ilə qələbəyə layiq olduğunu göstərib. "Braqa" istəkli ola bilər. Amma unutmayaq ki, "Qarabağ" da bu istəkdə olacaq. Özü də komandamız evdə, doğma azarkeşlər qarşısında oynayır. Bu da "Qarabağ"a böyük motivasiya verəcək. "Braqa"nın itirəcəyi bir şey yoxdur. Fikrimcə, "Qarabağ" bundan yararlanacaq. Qurban Qurbanov da komandasını və rəqibi artıq yaxşı tanıyır. "Qarabağ" Bakıda qələbə qazanaraq mərhələni adlamağa çox yaxındır.

- Maraqlıdır ki, "Braqa" tərəfi - futbolçular, baş məşqçi ilk matçdakı məğlubiyyətə baxmayaraq, yenə də inamlı və iddialı danışırlar. Səncə, bu, "Qarabağ" üzərində basqı yaratmaqdır, yoxsa həqiqətən də, mərhələ keçəcəklərinə inanırlar?
- Futbolda belə danışıqlar, açıqlamalar normal qarşılanmalıdır. "Qarabağ"ın çox təmkinli olacağına əminəm. Qurban Qurbanov daim futbolçularla danışır, onlara öz tapşırıqlarını, məsləhətlərini verir. Hər halda, “Qarabağ”ın oyunçuları, məşqçilər korpusu hər şeyi gözəl başa düşür və rəqibi də əla analiz ediblər. Fakt budur ki, səfərdə “Qarabağ” qalib gəlib. Evdə də daha da inamlı olacaqlar və növbəti mərhələyə vəsiqə qazanmaq üçün var gücləri ilə oynayacaqlar. “Qarabağ”a çox inanıram. Əminəm ki, "Qarabağ" növbəti qələbə ilə tarix yazacaq.

writer photo
Əlirza Əlirzalı
0