“Neftçi”dən qeyri-adi seriya
04.10.2023 - 17:39
“Neftçi”dən qeyri-adi seriya

Milli çempionatlarda davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, ön sıralarda qərarlaşan komandalar arasında Azərbaycan təmsilçisi də yer alıb.

“Neftçi” ardıcıl “alt” oynayan klublar sırasındadır. Bakı klubunun Premyer Liqadakı son 9 matçının heç birində 2-dən çox qol olmayıb.

Bu, dünyada davam edən seriyalar arasında ikinci göstəricidir. Rekorddan iki addım geri qalan “Neftçi”ni “Qoyas” qabaqlayır. Bu komandanın Braziliya çempionatındakı son 11 görüşündə “Alt” qeydə alınıb.

“Ağ-qaralar” sonuncu dəfə mayın 21-də məhsuldar oyunun iştirakçısı olub. Paytaxt təmsilçisi həmin vaxt səfərdə “Kəpəz”ə qalib gəlib – 1:3.

Sonrakı 9 qarşılaşmadan biri ötən mövsümün sonuna təsadüf edib. Cari çempionatdakı 8 görüşdə də qol sayı ikidən çox olmayıb. Bu 9 matçda bir dəfə 2:0, üç dəfə 1:0 hesabı ilə qalib gələn “Neftçi” hər iki məğlubiyyətini bir qolla alıb. Heç-heçə bitən üç qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək. Bu matç oktyabrın 8-də “Neftçi Arena”da baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0