Nemanya Ancelkoviç: "Onunla Azərbaycandakı vaxtları tez-tez xatırlayırıq" - MÜSAHİBƏ
04.09.2023 - 11:37
Nemanya Ancelkoviç: "Onunla Azərbaycandakı vaxtları tez-tez xatırlayırıq" - MÜSAHİBƏ

Rusiyanın “Akron” klubunda oynayan “Zirə”nin sabiq futbolçusu Nemanya Ancelkoviçin apasport.az saytına müsahibəsi

- Rusiyadakı karyeran necə gedir?
- Razıyam, özümü rahat hiss edirəm. Burada yaxşı nəticələrə çatmaq istəyirəm. Azərbaycan və Rusiya futbolu arasında fərqlər böyükdür. Komandaların taktiki və hazırlığını nəzərdə tuturam. Hər şey qaydasındadır. 

- "Akron"da, yoxsa "Zirə"də oynamaq daha çətindir?
- Düzü, həm “Akron”, həm də “Zirə” xoşuma gəlir. Hər ikisi ciddi klublardır. Bu komandalar qarşılaşsaydı, bir şey demək çətin olardı. Çünki hər ikisi yaxşı kollektivdir.

- "Akron"dakı komanda yoldaşlarından biri vaxtı ilə Azərbaycanda legioner həyatı yaşamış Camaladdin Xocaniyazovdur. Onunla heç Azərbaycan çempionatı haqda danışırsız?
- Bəli, burada birlikdəyik. Bir hər zaman söhbət edirik, Azərbaycan futbolunu izləyirik. Bir-birimizə qarşı necə oynadığımızı da xatırlayırıq, Azərbaycandakı karyeramızı yada salırıq. Deyə bilərik ki, hər ikimizin ölkənizdəki karyerası yaxşı alındı.

- Azərbaycan Premyer Liqası ilə Rusiya birinci divizionunu necə müqayisə edərdin? 
- Məncə, əsas fərq taktiki hazırlıqlardır. Hansı liqanın daha güclü olduğunu deyə bilmərəm. Çünki həm Azərbaycan Premyer Liqası, həm də Rusiya birinci divizionu çox yaxşıdır, keyfiyyətlidir, səviyyəlidir.

- Premyer Liqanın hazırkı lideri "Zirə"dir. Bu sənin üçün sürpriz olmadı ki?
- Təbii ki, “Zirə”ni izləyirəm, Azərbaycan futboluna baxıram. Nəticələrlə tanışam. “Zirə” yaxşı futbol nümayiş etdirir. Şadam ki, komanda liderdir. Təəssüf ki, son turda uduzdular. Amma futboldur da, olur. Hər halda, lider olmaqları sevindiricidir. Futbolçular buna layiqdir. Düzünü deyim, Andriya Lukoviç, Dimitrias Çantakias üçün darıxıram. “Zirə”yə uğurlar arzu edirəm.

- Necə fikirləşirsən, "Zirə" çempionluq mübarizəsinə qoşula bilər?
- Hər şey mümkündür. “Zirə”nin də çempionluq şansı var. Amma hələ ki, liqa yeni başlayıb və sona qədər mübarizə aparmaq lazımdır. Görək də, sonda necə olacaq.

writer photo
Əlirza Əlirzalı
0